Şimali Kiprdə “Azərbaycanın Mədəniyyət gecəsi” keçirilib-FOTO

Şimali Kiprdə “Azərbaycanın Mədəniyyət gecəsi” keçirilib-FOTO

Şimali Kiprdə Doğu Akdeniz universitetində, eyniadlı universitetin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Gecəsi təşkil olunub. Universitetin Azərbaycan cəmiyyətinin vitse-prezidenti Tofiq Hüseynovun SİA-ya verdiyi məlumata görə, gecədə Respublikamızın Əməkdar artisti, tanınmış muğam ustası Bəsti Sevdiyeva solo-konsertlə çıxış edib.

Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, çoxsaylı xarici tələbələrin, universitetin rektoru və müəllim heyətinin iştirak etdiyi gecəni, eyni adlı universitetin tələbəsi Orxan Ərnağızadə açaraq, öncə tədbir iştirakçılarını salamlayıb. Bundan sonra azərbaycanlı tələbələrin ifasında milli rəqslərimiz nümayiş olunub.

Daha sonra Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov çıxış edərək keçirilən belə tədbirlərin məqsəd və əhəmiyyətindən söhbət açıb. O bildirilib ki, gecənin məqsədi Azərbaycan mədəniyyətini Doğu Akdeniz Universitetində təhsil alan çoxsaylı xarici tələbələrin nəzərinə daha doğlun şəkildə çatdırmaq və milli-mədəniyyətimizi onlar arasında təbliğ etməkdir. Bundan başqa o, Azərbaycan mədəniyyəti, onun dünya mədəniyyətinə verdiyi töhfələr haqqında geniş məlumat verib.

Gecədə iştirak edən Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq keçirilən belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, azərbaycanlı tələbələrin hər zaman öz mədəniyyətlərini təbliğ etmək məqsədilə keçirtdiyi çoxsaylı tədbirlərdən danışıb. Rektor tanınmış muğam ustası Bəsti Sevdiyevanı rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluq hissi duyduğunu gecə iştirakçılarının nəzərinə çatdırıb və gecədə iştirak etdiyi üçün sənətkara minnətdarlıq edib.

Bundan sonra Doğu Akdeniz Universitetinin tələbəsi və eyni zamanda həmin universitetin Azərbaycan Cəmiyyətinin Mədəniyyət şöbəsinin müdiri Cəfər Mənsiminin ifasında, Almaz İldırımın "Azərbaycan" şeiri səsləndirilib. Səsləndirilən şerdən sonra, səhnəyə muğam ustası Bəsti Sevdiyeva dəvət olunub. Bəsti Sevdiyeva öz əvəzsiz və tükənməz səsi ilə gecədə iştirak edən hər kəsi vətənpərvər olmağa və öz mədəniyyətlərinə sahib çıxmağa səsləyib. Gecənin açılışını "Çırpınırdı Qara dəniz" mahnısı ilə başlayan sənətkarın ifa etdiyi xalq mahnıları və muğamlar hər kəsin coğusuna səbəb olub və alqışlarla qarşılanıb. Gecəni "Yaşa Azərbaycan" mahnısı ilə bitirən Bəsti Sevdiyevaya sonda universitetin rektoru Abdullah Öztopraq tərəfindən təşəkkür mükafatı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə