Xalq artisti, tanınmış xanəndə Nəzakət Teymurova İtaliyadan qastrol səfərindən qayıdıb. O, aprelin 15-22-nə qədər İtaliyada səfərdə olarkən bir neçə konsert proqramı ilə çıxış edib.
SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyada Azərbaycan Mədəniyyəti günləri keçirilib. Mədəniyyət Günləri çərçivəsində Nəzakət Teymurova İtaliyanın bir neçə şəhərində geniş konsert proqramı verib. İtaliyanın Milan, Vatikan və digər şəhərlərində keçirilən konsertlərdə ölkənin siyasi xadimləri, tanınmış musiqiçiləri də qonaq qismində iştirak ediblər.
Xatırladaq ki, Nəzakət Teymurovanın İtaliyanın \"Felmay\" şirkəti tərəfindən hazırlanan albomunun təqdimat mərasimi də gerçəkləşib. Aprelin 21-də İtaliyada Xalq artistimizin də iştirakı ilə geniş təqdimat keçirilib. Təqdimat mərasimində İtaliyanın mətbuat orqanları, telekanalların əməkdaşları iştirak ediblər. Tədbirdən sonra mətbuat konfransı keçirilib. İtalyan mediası Nəzakət Teymurovanın yaradıcılığı ilə yaxından maraqlanıblar. İtalyan jurnalistləri xanəndəmizdən müsahibə alarkən Azərbaycan muğamları ilə bağlı suallar ünvanlayıblar. Nəzakət Teymurova səfərlə bağlı açıqlamasında bu sözləri dedi: "Təqdimat mərasimindən sonra mətbuat konfransı da keçirildi. İtalyan jurnalistləri muğamlarımızla çox maraqlanırdılar. Onlar mənim ifamda olan mahnıları dinlədiklərini və çox bəyəndiklərini də bildirdilər. İtaliyada olduğumuz müddətdə oranın ən tanınmış mətbuat orqanlarında, qəzetlərində konsertlərimizlə bağlı yazılar hazırlanmışdı. Oranın meri xüsusilə albomla bağlı maraqlı fikirlər səsləndirdi, muğamlarımızla bağlı xoş sözlər bildirdi. Mənim üçün isə əsas o idi ki, Azərbaycan muğamı təbliğ olunur. Mən italyan jurnalistlərinə müsahibəmdə də bildirdim. Mənim üçün önəmli olan adımın tanınması deyil, Azərbaycan muğamının sevilməsidir. Fərqi yoxdur, orada mənim adım çəkilir, ya yox".
İtalyan jurnalistləri təqdimat mərasimində Nəzakət Teymurovanın səsinə heyranlıqlarını da dilə gətiriblər. Onlar bu səsin cazibəsindən heyrətləndiklərini bildiriblər. İtalyan mətbuatında Xalq artistimizlə bağlı geniş məqalələr yer alıb. Məqalələrdə Azərbaycan sənətçisinin səsinin bənzərsiz olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB