“Eurovision”un Azərbaycan üzrə rəsmi fan-klubu video-müsabiqə keçirir

“Eurovision”un Azərbaycan üzrə rəsmi fan-klubu video-müsabiqə keçirir

"Eurovision" mahnı müsabiqəsinin rəsmi fan-klubu - "Ogae-Azərbaycan" "Light Your Success" adlı video-müsabiqəyə start verib. Fan-klubdan SİA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsinin əsas məqsədi gənclərin kreativliyini dəyərləndirmək və bacarıqlarını üzə çıxarmaqla yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi 57-ci "Euovision" müsabiqəsinə marağın artırılması, gənclərin "Eurovision" ruhunu yaşaması və bu istiqamətdə təşəbbüskarlıqlarını artırmaqdır. Müsabiqədə iştirak etmək üçün, yaşı 16-dan yuxarı olan hər kəs [email protected] ünvanına məktubla müraciət edə bilər.


Müraciətə baxıldıqdan sonra iştirak etmək istəyən şəxslərə E-anket və video çarxların yüklənməsi barədə ətraflı təlimatlar göndəriləcək. Video çarxların qəbulu aprel ayının 18-dən etibarən başlanır. Video çarxın süjet xətti "Eurovision-2012 şüarı ilə, öz həyat şüarını birləşdir" istiqamətində olmalıdır. Müsabiqənin şərtlərinə əsasən, video-çarx iki dəqiqədən artıq olmamalı, siyasi və yaxud mətnaltı məna daşımamalı, müsabiqənin süjet xəttindən uzaq olmamalı və mütləq müəllif hüquqları qorunmalıdır.

Müsabiqəyə video qəbulu mayın 4-dən etibarən dayandırılacaq və qalib münsiflər heyəti tərəfindən təyin olunacaq.


Müsabiqənin nəticələrinə əsasən qaliblərə, Grand Pri - Canon DSLR (professional), 1-ci yer (2 nəfər) - İpad, 2-ci yer (2 nəfər) – Nexus AZPAD, 3-cü yer – Canon fotoaparatı ilə mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə