Azərbaycanda, eləcə də Şərqdə böyük hadisə kimi qarşılanan və "Ey mənim müsəlman qardaşlarım, sizi deyib gəlmişəm!" söyləyən "Molla Nəsrəddin" satirik jurnalının birinci sayı 1906-cı ilin bu günündə Tiflisdə çapdan çıxıb. 1921-ci ildə Təbrizdə, 1922 - 1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi dərc olunub. Onlardan 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda çıxıb. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir gostərib.
"Molla Nəsrəddin"in səhifələrində yer alan dünya hadisələrindən tutmuş, cəhalət, mövhumat, din, dil, məişət məsələləri məktəb savadı olmayan adi adamların başa düşəcəyi sadə dildə yazılır və satiranın gücü ilə onların beyninə yeridilirdi. "Molla Nəsrəddin"in aşkara çıxarmaq istədiyi acı həqiqətlərin yeri bəzən boş qalır və ora "Senzura icazə vermədi" sözləri yazılırdı.
Nəşri ilə bağlı bütün çətinliklərə baxmayaraq, jurnal Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. "Molla Nəsrəddin" jurnalı 106 il sonrakı bir zamanda da aktuallığı ilə hələ də maraq doğurur.
Jurnalda müxtəlif satirik hekayə, felyeton, şeir, gülməli xəbərlər, atalar sözləri, məsəllər, atmacalardan istifadə edilib. Karikaturalarsa müsəlmanları güldürməklə yanaşı, onlara həqiqətin əsl üzünü göstərirdi. "Molla Nəsrəddin"də Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Şmerlinq, Rotter, Əzim Əzimzadə kimi rəssamlar da fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB