“Eurovision-2012” mahnılarının video roliklərinin “youtube”də izlənmə sayı açıqlanıb
"Eurovision" Mahnı Müsabiqəsində ifa olunacaq 42 mahnının video versiyalarının "youtube"də izlənmə reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, sırlanamada birinci yerdə Rusiyanın müsabiqə təmsilçisi "Buranovskie babuşki" qrupu dayanır. Təmsilçilər arasında baxılma sayına görə rəqiblərini geridə qoyan Rusiya nümayəndələrinin "Party for everybody" mahnısının video versiyasını 1.020.505 insan izləyib. "Youtube" kanalında izlənmə sayına görə ikinci yerdə Kipr təmsilçisi İvi Adamiu (397. 999), üçüncü yerdə isə Böyük Britaniya təmsilçisi Engelbert Hanperdink (Elgelbert Hunperdinck – 381.848) qərar tutub. Azərbaycan bu sıralanmada hələ ki, altıncı yerdədir. Təmsilçimiz Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi "When The Music Dies" mahnısının video versiyası qoyulan gündən bu günə kimi 217.763 dəfə izlənilib. Sıranın 4-sü Türkiyə, 5-si Almaniya, 7-si Avstriya, 8-si Xorvatiya, 9-su Albaniya, 10-su isə Yunanıstandır. 57-ci "Eurovision" Mahnı Müsabiqəsinin favorit təmsilçiləri arasında olan Serbiya təmsilçisi Zeljko Yoksimoviçin müsabiqə mahnısının video versiyasına 98.170, İsveç təmsilçisi Lorenin 70.133, Fransa təmsilçisi Anqunun 65.062 dəfə baxıldığı məlum olub.
Bugünkü göstəriciyə görə bu sıralanmada sonuncu yerdə İsveçrə təmsilçiləri "Sinplus" qrupu dayanır. Qrupun müsabiqə mahnısının klipinə 34.602 dəfə baxılıb.
Qeyd edək ki, eurovision.az saytında "Eurovision-2012" təmsilçiləri ilə bağlı internet istifadəçiləri arasında sorğuya başlanılıb. Saytda ilk onluqda sıralanma belədir: Ukrayna, İsveç, Azərbaycan, Fransa, Rusiya, Almaniya, Belarus, Norveç, İslandiya, Türkiyə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB