Türkiyəli kinoprodüser: \"Azərbaycan gənclərinin yaradıcı və istedadlı olduğunu hiss etdim\" - MÜSAHİBƏ
Avropa Kino Akademiyasının 2011-ci ildə "Ən yaxşı kinoprodüser" mükafatını qazanan Zeynəb Özbatur Atakan SİA-ya müsahibə verib. Qeyd edək ki, müsahibimizin Azərbaycana gəlməsinin əsas səbəbi Bakı Film İnstitutunun tələbələrinə üç gün üstad dərsi keçməsi idi. O, 2008-ci ildə özünün yaratdığı \"Zeynofilm\" şirkətilə fəalliyyətini beynəlxalq miqyasda qurub. Prodüsserlik etdiyi \"Bir zamanlar Anadoluda\", \"Üç meymun\", \"İqlimlər\" filmləri beynəlxalq kinofestivallar tarixində əsas mükafatları qazanıb.
- Azərbaycanla bağlı düşüncələrinizi bilmək istərdik. Şəhərimiz necə təsir bağışladı?
- Sözün düzü, çox gəzmək şəraitim olmayıb. Ancaq gəlməmişdən əvvəl təbii ki, Azərbaycanın tarixi haqqında az da olsa, hansı coğrafi mövqedə yerləşdiyi barədə məlumatım var idi. İnsanlarınız çox istiqanlı və qonaqpərvərdir. Hətta mətbəxlərimiz belə çox yaxındır. Burada ən çox ət yeməklərinə üstünlük verirlər. Çayınız isə xüsusi ilə gözəldir. Hətta deyərdim ki, Türkiyədən sonra içdiyim ən gözəl çay məhz Bakıda oldu. Dünyanın heç bir yerində çay içə bilmirəm. Bakı günü- gündən inkişaf edir. Burada sakitlik hökm sürür. Yalnız biraz tıxac problemi var.(gülür..) Bununla yanaşı, \"Azərbaycanfilm\" kinostuduyasında Müşfiq Hətəmovla görüşdüm. Görüşdə iki dövlət arasında baş tuta biləcək layihələri müzakirə etdik. Burada olan prodüserlərlə söhbət etdim. Onlar öz filmlərininin dvd-lərini mənə verdilər. Türkiyədə olan zaman həmin dvd-lərə baxaraq Azərbaycan filmi haqqında təəssüratlara malik olacam. Bu səfərimdən böyük məmnunluq duyuram.
- Ustad dərsləri keçən zaman gənclərimizdə hansı istedadları müşahidə etdiniz?
- Onu da qeyd edim ki, gənclərlə işləmək mənə zövq verdi. Dərslərimin test edici yönləri də var. Dərslərdə verilən suallar Türkiyədəki tələblərimin verdiyi suallarla demək olar ki eyni idi. Burada olan zaman gənclərin yaradıcı və istedadlı olduğunu hiss etdim. İnanıram ki, onlar gələcəkdə bu sahədə öz sözlərini layiqli şəkildə deyə biləcəklər.
- Bakını kino sahəsi üçün əlverişli şəhər hesab etmək olar?
- Çox əlverişli şəhərdir. Təbiəti, tarixi görünüşü çox uyğundur. Sadəcə olaraq bundan istifadə etməyi bacarmaq
lazımdır.
- Prodüserlik işinizdə əsas kriteriyalarınız nədir?
- Prodüserlik edəcəyim filmin janrından asılı olmayaraq, mənim üçün ən
önəmli kriteriya keyfiyyət və dünya insanlarına filmin ötürdüyü mesaj, dərd,
sözdür.
- Bir filmin dünyaya çıxa bilməsi üçün başlıca özəlliklər nədir?
- Hər şeydən öncə layihənin hədəfi müəyyənləşməlidir. Bu hədəfi necə
tapmaq, buna görə plan, yol xəritəsi necə çizilir? Film hansı auditoriyaya,
hansı yaş kateqoriyasına ünvanlanıb? İdeyası, tutduğu yol nədir? Bu faktorlar
mənim üçün çox önəmlidir.
- Beynəlxalq kinofestivallarda siyasi maraqlar bir çox hallarda sənəti, keyfiyyəti üstələyir. Bu haqda düşüncələriniz necədir?
- Siyasi açılım məsələsi Türkiyəyə münasibətdə illər öncə Yılmaz Güneyin
"Yol" filmi mükafat aldıqdan sonra yarandı. Amma mənim bu günə qədər üç filmim
Kann Kinofestivalında yarışdı və səmimi deyirəm ki, bu seçimdə hər hansı bir
siyasi motiv rol oynamadı. Ümumilikdə götürsək, siyasi və iqtisadi maraqlar
zaman-zaman əhəmiyyət kəsb etsə belə, bunun çox az nisbətdə olduğunu düşünürəm.
- Azərbaycanda film sahəsində orta və yaşlı nəsilə daha çox üstünlük verilir. Bəs Türkiyədə necə? Eyni seçim üsuludur, yoxsa hədəf gənclərdir?
- Türkiyədə gənclər ön plandadır. Bu sahədə çalışan çox gənc rejissorlar var.
Bu il keçiriləcək İstanbul Film Festivalında "yeni türk sineması" bölümü
açıldı. Və burda olduqca bacarıqlı gənc rejissorların filmləri yer alıb. Onlara
filmlərini göstərmək imkanı yaradıldı. Düşünürəm ki, dünyanın hər bir yerində
gənclərə çox böyük ehtiyac var. Yəni mən dünnya festivallarında olduğum zaman –
"Kann", "Berlin" gənclərin film sahəsinə baxışını, yanaşmasını görürəm. Mən də
15 il öncə bu sahəyə addım atanda çox böyük çətinliklər yaşamışdım. Əslində o
çətinliklər bizə nələrsə öyrədir. Amma mübariz, işinizin arxasında əminliklə
dayanmağı bacarsanız və istedadınıza və özünüzə güvənsəniz onda heç bir
problem, mane olmaz.
- Sənət təcrübənizdə beynəlxalq işbirlikləri də yer alıb. Gələcəkdə Azərbaycanla hər hansı bir layihə üzərində işləməyi düşünürsünüz?
- Niyə də olmasın? Bu tipli görüşlər, tanışlıqlar gələcəkdə işbirlikləri
üçün zəmin hazırlayır. Fikir yaranır, əlaqələr qurulur. Türkiyə və Azərbaycan
mədəniyyəti onsuz da bir-birinə yaxındır. Az öncə də qeyd etdiniz ki, mənim
təcrübəmdə belə əməkdaşlıq halları az olmayıb. Azərbaycanla da ortaq işbirliyi
ətrafında gücümüzü, bacarığımızı birləşdirə bilsək, çox gözəl olar.
- Azərbaycanın sənət xadimlərindən kimləri tanıyırsınız?
- Təəssüf ki, tanıdığım bir sənətçi yoxdur.
- Son illər Azərbaycanda çəkilən filmləri izləmək şansınız olub?
- Yalnız İlqar Nəcəfovun "Buta" filmini izlədim. Başqa filmlərə baxmaq fürsətim
olmayıb. Əslində bir məqamı mütləq qeyd etmək istəyirəm. Biz filmlərə
beynəlxalq festivallarda baxa bilirik. Nəzərə alsaq ki, Azərbaycan filmi kinoteatrlarda
nümayiş olunmur, deməli, ancaq festivallarda rastına düşsə baxa bilərsən. Bu il
festivalda gördüyüm "Buta" filmini çox bəyəndim. Namizədlər sırasında idi.
Azərbaycan filminin festivala qatılması çox sevindiricidir.
- Bu filmi izləyərkən peşəkar kimi gözünüzdən qaçmayan hər hansısa məqamlar oldu?
- Sözün düzü, bu filmi çox yaxşı film kimi dəyərləndirirəm. Türklərin bir sözü
var "olumlu". Bu film haqqında da düşüncələrim bu cür oldu. Filmdə diqqətimi
çəkən məqam yeni bir baxış formasının olmasıdır. Fərqli baxış idi. Mənim
təhlillərimə görə, məqsədinə çatmış bir işdir.
- Türkiyədə film sahəsi ilə yanaşı serial da inkişaf dönəmini yaşamaqdadır. Bizdə isə bu sahələrin inkişafı yenicə başlamaqdadır. Sizcə, diqqət daha çox hansına ayrılmalıdır?
- Serial sahəsində heç bir təcrübəm yoxdur. Televiziya üçün iş görən biri deyiləm. Uzun illər reklam sahəsində çalışdım. 2000-ci ildən etibarən reklamdan da tamamilə uzaqlaşdım. Serial iqtisadi baxımdan çox önəmlidir. Çünki, aktyorların pul qazanması, yaradıcı heyətin ayaqda qala bilməsi üçün çox önəmlidir. Film sahəsi isə mədəniyyətin inkişafı üçün çox önəmlidir. Əslində düşünürəm ki, hər iki sahə qarşılıqlı olaraq bir-birini dəstəkləməlidir. Məsələn, Avropada bir çox şirkətlər filmlərə reklam verməyə məcburdurlar. Bu cür qanunlar olduğu üçün daha yaxşı nəticələr əldə olunur.
- Türkiyədə işini bəyəndiyiniz insanlar kimlərdir?
- Türk film sahəsində bir çox rejissorların işlərini bəyənirəm. Məsələn, "Berlin"
festivalında iştirak edən "Təpənin arxası" filmini bəyənirəm. Gənc dostlarımız
arasında uğur qazanacaq şəxslərin olacağını düşünürəm.Türkiyədə bir zaman
sənətin fərqli sahələrində çalışmış insanların son illər film sahəsində də
özlərini sınadıqlarını şahid oluruq. Bu sənətçilər sırasında Mahsum Kırmızıgül,
Özcan Denizin adını çəkə bilərik. Kinonun hər janrının hədəf
seçdiyi kütlə var. Onların öz hədəf
kütlələri, bizim də öz tamaşaçımız var. "Kino hamı tərəfindən izlənməlidir"
deyə bir qanun yoxdur. Hədəflərimiz fərqli olsa da, nəticə etibari ilə hamımız
kinoya xidmət edirik.
- Yaxşı filmin ərsəyə gəlməsi üçün əsas şərtlər nədir?
- Lazım olan büdcədən əlavə yaxşı yaradıcı heyət olmalıdır. Kimin bu işi görəcəyi, kimlərin çəkiləcəyi əsas kriteriyalardandır. Layihənin ssenarisi çox yaxşı olmalıdır. Əlbəttə, Çox pul qoyub qarşılığında zəif sujet xətti olan film çəkmək boşa getmiş iş olardı. Və ya əksinə yaxşı sujet xətti ilə kinonu az məbləğdə büdcə ilə çəksək, istər-istəməz zəif alınacaq.
- Azərbaycanın ev sahibliyi etdiyi \"Eurovision- 2012\" mahnı müsabiqəsində Türkiyəni Can Bonomo təmsil edəcək. Bu haqda nə deyə bilərsiniz?
- Can Bonomo Türkiyədə tanınan gənc müğənnilərdəndir. Gənc musiqiçilərdən onu çox dəstəkləyirəm. Azərbaycana onun gəlməsinə də çox sevinirəm. Türkiyəyə geri qayıdarkən buraların necə gözəl olduğunu ona da deyəcəyəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB