Akademik Milli Dram Teatrının kollektivi növbəti beynəlxalq festivalda

Akademik Milli Dram Teatrının kollektivi növbəti beynəlxalq festivalda

Akademik Milli Dram Teatrının kollektivi bu gün XI Slaviya Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Belqrada yollanıb. Teatrdan SİA-ya verilən məlumata görə, Akademik Milli Dram Teatrı Festivalda martın 14-də yerli vaxtla saat 20.00-da H.Mirələmovun "Xəcalət" əsəri əsasında hazırlanan "Xəcalət" tamaşası ilə çıxış edəcək.

Qarabağ həqiqətlərinin dünyaya çatdırılması işində mühüm əhəmiyyət kəsb etdiyi üçün Akademik Milli Dram Teatrı bu tamaşanın xarici ölkələrdə nümayiş olunmasına xüsusi önəm verir.

Azərbaycan xalqının ən ağrılı problemi olan Qarabağ probleminə həsr olunmuş tamaşanın süjeti belədir: "Uşaqlıqdan bir yerdə böyümüş Murad və Vətən Qarabağ savaşına da birgə getmiş, amma sonradan onların həyat yolları ayrılıb. Atəşkəs haqqında müqavilə imzalandıqdan təxminən 10 il sonra dostlar yenidən görüşürlər. Amma necə?....."

Janrı iki hissəli müasir dram kimi təyin olunan "Xəcalət" tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.

Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu iştirak edirlər.

Qeyd edək ki, 2002-ci ildən etibarən hər il müntəzəm surətdə keçirilən festivalda dünyanın bir çox ölkələrinin teatrlara iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə