Mərhum el şairinin yubileyi keçirilib

Mərhum el şairinin yubileyi keçirilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında mərhum el şairi Cavan ALAYın anadan olmasının 70 illiyi ilə bağlı ədəbi-bədii gecə keçirilib. SİA-nın verdiyi məlumata görə, gecə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə baş tutub.

Gecədə aparıcısı, professor Məhərrəm Qasımlı "Borcumuzdur bu ehtiram" devizi ilə keçirilən "Cavan Alay - 70" ədəb-bədii gecəsinin təşkili, proqrmı haqqında məlumat verib. Yubilyarın həyatı və yaradıcılığı haqqında professor Nəsir Əhmədli məruzə edib. Tovuzun Əlimərdanlı kəndində yaşayıb-yaratmış el şairinin aşıq şeirinin bütün janrlarında öz qələmini sınadığını, uğurlu yaradıcılıq örnəkləri yaratdığını qeyd edən natiq, onun yaradıcılığını XX yüzil Azərbaycan ədəbiyyatı, biləvasitə gələnəksəl aşıq şeiri fonunda geniş təhlil edib.

Millət vəkili Qənirə Paşayeva öz çıxışında mərhum el şairinin paytaxtda böyük yubiley mərasiminin düzənlənməsinin onun halal haqqı olduğunu vurğulayaraq, onun çoxşaxəli yaradıcılığı, dillər əzəbəri olan qonaqpərvərliyi, dostcanlılığı, Vətəncanlılığı və sənətə vurğunluğu barədə bildiklərindən, eşitdiklərindən məmnun olduğunu, oxucunun, elin-obanın şairə həqiqi münasibətinin onun özü həyatda olmadığı vaxt daha yaxşı bəlli olduğunu qeyd edib.

Gecədə, ustad aşıqlar - Mahmud Məmmədov, Əli Ürfan, Əhliman Şirvanlı, Məhərrəm Hüseyinli; yeni və gənc nəsil aşıqlarından – Gülarə Azaflı, Altay Məmmədli, Ədalət Dəlidağlı, İlham Aslanbəyli, Nemət Qasimlı (yetirmələri ilə), Səyyad Aydınoğlu, Azər Xanlaroğlu, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı; xanəndə Könül Xasıyeva, gənc xanəndə İlkin Əhmədov, tanınmış müğənni Nuriyyə Hüseynova, ünlü aktyor Ağalar Bayramov, yazıçı-publisist Əkbər Qoşalı, Əlimərdanlı Aşıq Nəcəf ocağının nümayəndəsi Məzahir Nəcəfov, Cavan Alayın yaxın dostu Yaşar Quliyev çıxış ediblər.

Yubiley münasibəti ilə mərhum şairin şeirlərinin, haqqında bilgilərin və fotoların toplandığı kitab "Tovuzlu Alayı tanı" kitabı da gecə iştiraçılarına təqdim olunub.

Sonda Cavan Alayın ailəsi adından İftixar Alayoğlu çıxış edərək, təşkilatçılara və iştirakçılara minnətdarlıq ifadə edib.


Qeyd edək ki, bu il mart ayının 17-də 70 yaşı tamam olur mərhum el şairi Cavan ALAY (Alay Məmməd oğlu Səmədov) aşıq şeirinin demək olar ki, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tuturdu. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış, el-obanın böyük hörmətini qazanmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub. Təsadüfi deyil ki, el şairinin Tovuz rayonunda 65 illiyi ilə bağlı keçirilmiş təntənəli tədbir, iştirakçılarının heç vaxt unutmayacağı bir mədəniyyət hadisəsinə çevrilib.

Şairin 70 illik yubileyi münasibəti ilə buraxılan kitab, "Tovuzlu Alayı tanı" adı ilə nəfis şəkildə "Nurlan"da nəşr olunub. Kitabın redaktoru və "önsöz" müəllifi Xalq şairi Zəlimxan Yaqub, rəyçisi prof.dr. Nəsir Əhmədli, rəssamı Məmməd Dəmirçioğlu, tərtib edənləri isə İftixar Alayoğlu və Ramiz Hümmətovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə