Bu gün \"Milli Teatr Günü\"dür

Azərbaycan milli teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır. SİA-nın məlumatına görə, əsası 1873-cü ilin mart ayında M.F.Axundovun \"Lənkəran xanının vəziri\" tamaşası ilə qoyulan Azərbaycan teatrı çox çətin yollar keçib.


Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də, teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov kimi realist-demokrat yazıçıların fəaliyyəti, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev, C.Cabbarlının və başqa görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində mühüm rol oynayıb.


1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsil mənasında, hamilik edən Ümummilli Lider Heydər Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşüb.


Teatr yarandığı zamandan etibarən hər onilliyi fəaliyyəti dövründə yaddaqalan olub. Sənətkarlara fəxri adların verilməsi, yeni tamaşalar, qastrol səfərləri və digər uğurlar Azərbaycan milli teatrının məşhurluğunu artırıb.


Dünyanın, demək olar ki, bütün teatr səhnələrində Azərbaycan teatrlarının hazırladıqları tamaşalar oynanılır.


Hazırda Azərbaycan teatrları Prezident İlham Əliyevin sərəncamına əsasən təmir və bərpa etdirilir. Bu proses ardıcıl olaraq davam etdirilir. Azərbaycan teatrı dünya standartlarına uyğun səviyyədə müasir avadanlıqlarla təchiz olunur.


Azərbaycan teatrı hər il böyük ruh yüksəkliyi ilə Milli Teatr Gününü qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə