Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "AİDA" operasının tamaşası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, həmin gün tamaşada Aida partiyasını Belarusun tanınmış opera müğənnisi, əməkdar artist, Belarus Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti Nina Şarubina ifa edəcək. Vokalçı Almaniya, Avstriya, Finlyandiya, Yaponiya, Tailandda keçirilən mötəbər beynəlxalq musiqi festivallarında dəfələrlə iştirak edib.
N.Şarubina eyni zamanda Moskva "Yeni opera" Teatrının, Donetsk və Lvov Milli Akademik Opera və Balet Teatrlarının solistidir. Avstriya, İspaniya, Niderland, Fransa, İsveçrə və İtaliyada solo konsertlər, tamaşa və oratoriyalarda müxtəlif partiyalarda böyük uğurla çıxış edib.
Radames rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev, əsas partiyalardan biri – Amneris rolunu isə gənc vokalçı Səbinə Vahabzadə ifa edəcəklər.
Tamaşada həmçinin Opera və Balet teatrının aparıcı solistləri, Azərbaycanın Əməkdar Artistləri Əli Əsgərov (Misir şahı), Əvəz Abdullayev (Amonasro), Əkrəm Poladov (Ramfis) və Gülnaz İsmayılova (Kahinə) da çıxış edəcəklər.
Tamaşanı Azərbaycanın xalq artisti Cavanşir Cəfərov idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB