\"Şekspir\" Akademik Milli Dram Teatrının səhnəsində

\"Şekspir\" Akademik Milli Dram Teatrının səhnəsində

6, 10, 11 mart tarixlərində Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında hazırlanan yeni tamaşanın premyerası keçiriləcək. Bu barədə SİA-ya teatrın mətbuat katibi Elçin Cəfərov məlumat verib.

Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasientlərin hər biri öz xəyalında qurduğu dünyasında yaşayır. Marslı saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləyir. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə yaşayır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir...

Tamaşanın quruluşçu rejissoru Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəri, rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı Nazim Bəykişiyevdir. Tamaşada xalq artisti Ramiz Novruz (Stalin), əməkdar artistlər- Pərviz Bağırov (Stalin), Ayşad Məmmədov (Baş Həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov (Veneralı), aktyorlar Nigar Güləhmədova (Həkim), Aslan Şirinov (Sanitar), Şəlalə Şahvələdqızı (Ər-arvad) Anar Heybətov (Drob 13), Elşən Rüstəmov (Drob 13) və başqaları çıxış edirlər.

Qeyd edək ki, tamaşanın premyerası 6 mart saat 19.00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə