Estoniyanın \"Eurovision 2012\"dəki təmsilçisi bəlli olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ott Lepland "Kuula" adlı mahnı ilə Azərbaycanda ölkəsini təmsil etmək şansı qazanıb.
Estoniyanın builki Seçim Turu rekorda imza atıb. Belə ki, münsiflər heyətinə 159 nəfər mahnı təqdim edilib, onlardan isə 20 ən layiqlisi təmsilçilik uğrunda mübarizəni davam etdirib.
Milli Finalda 11 ifaçı yarışıb. Münsiflərin rəyinə əsasən, Ott Lepland və daha bir finalçı-Lenna eyni səsi toplayıblar. Lakin Ott Lepland tamaşaçı səsinin 67%-ni yığdığından qalib elan edilib.
Təmsilçisi müəyyən olunan digər ölkə isə Litva olub. Litvanın \"Eurovision 2012\" seçimlərinin finalında 14 müğənni mübarizə aparıb. Səsvermə nəticəsində Donni Montel (Donny Montell) "Love is Blind" mahnısı ilə qalib elan edilib.
Ölkənin Milli Finalında yaddaqalan məqamlardan biri də təmsilçinin adının Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə tərəfindən açıqlanması olub. Final gecəsində çıxış edən səfir Eurovision 2012-nin ev sahibi Azərbaycan barədə ətraflı məlumat verib və ölkəmizin may ayında möhtəşəm bir şouya hazırlaşdığını bildirib. Səfir Həsən Məmmədzadə Litvalıları Bakıdakı 57-ci Eurovision Mahnı Müsabiqəsinə dəvət edib.
Litvanı Eurovision 2012-də təmsil edəcək 25 yaşlı Donny Montell ölkəsində məşhur müğənnidir. O, bir çox yerli və beynəlxalq mahnı müsabiqələrinin qalibi olub. Eyni zamanda "Litva mahnı onluğu" və "Ulduzlara çağırış" televiziya layihələrində də qalibiyyət qazanıb. 2008-ci ildə isə "Slavyanskiy bazar" festivalının "Grand Prix"ni əldə edib.
Qeyd edək ki, Litva təmsilçisi Eurovision 2012-nin mayın 24-də keçiriləcək ikinci yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB