Bakıda Yeni Ukrayna Musiqisi Günləri keçiriləcək

Bakıda Yeni Ukrayna Musiqisi Günləri keçiriləcək

Martın 2-3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə həsr olunmuş Yeni Ukrayna Musiqisi Günləri keçiriləcək.


SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Bəstəkarlar İttifaqının bigə təşkilatçılığı ilə keçiləcək festivalın birinci günü simfonik musiqi konserti olacaq. Azərbaycanın Əməkdar İncəsənət Xadimi F.Kərimovun başçılığı ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri M.Skorik, İ.Şerbakov, Q.Qavrilets, L.Diçko, Y.Stankeviçin əsərlərini ifa edəcək. Solistlər ukraynalı qonaqlar A.Piriyev (violonçel) və B.Stelmaşenko (fleyta) olacaq.


Martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına kamera musiqisi salonunda keçiriləcək elmi konfransda ukraynalı bəstəkarlar və musiqişünaslar çıxış edəcəklər. Məruzələrdə müasir mərhələdə Ukrayna musiqi mədəniyyətinin xüsusiyyətlərindən bəhs ediləcəkdir. Həmin gün Bəstəkarlar İttifaqının salonunda kamera musiqisi konserti olacaq.


Azərbaycanda Yeni Ukrayna Musiqisi Günlərinin keçirilməsi ölkələrimizin yaradıcılıq sahəsində münasibətlərinin inkişafına xidmət edəcək, mədəniyyətlərimiz arasında qarşılıqlı mübadilə işinə töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə