Dövlət Film Fondunda Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Eldəniz Zeynalovun anadan olmasının 75 illiyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çxış edən Dövlət Film Fondunun rəhbəri, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev tanınmış aktyorun həyat və yaradıcılığından, onun Azərbaycan kino və teatr sahəsindəki əvəzsiz xidmətlərindən, unudulmaz rollarından söz açıb.
Mərasimdə həmçinin kinoşünas Aydın Kazımzadə vurğulayıb ki, Eldəniz Zeynalov kino sahəsində görkəmli gülüş ustasıdır: "O çox şaxəli yaradıcılığa malik sənətkar idi. Unudulmaz sənətkar kino sahəsində qazandığı uğurlarla ad qoyub getdi. Onun sənətə getdiyi yol çox maraqlı keçib. Teatr İnstitutunda təhsil aldığı illərdə E.Zeynalov "Bir cənub şəhərində" filmində baş rollardan birinə çəkilib. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində yaddaqalan оbrazlar yaradıb".
Tədbirdə Eldəniz Zeynalovun oynadığı filmlərdən fraqmentlər nümayiş etdirilib, fondun foyesində sənətkarın yaradıcılığını əks etdirən fotosərgi açılıb.
Tədbirdə iştirak edən sənətkarın övladları da öz xatirələrini məhz bizimlə bölüşüblər. Sənətkarın böyük oğlu Elbrus Zeynalov: \"O, çox gözəl ata, insan və sənətkar olub. Bunun nəticəsidir ki, bu gün bura toplaşmışıq. Bu tədbiri təşkil etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürümü bildirirəm. Yubiley mərasimində həmçinin atamın foto sərgisidə nümayiş olunur\",- deyə əlavə edib.
Gülbəniz Zeynalova da öz növbəsində tədbirin təşkilatçılarına təşəkkürünü çatdırıb. Yubilyarın qızı atasının çox ciddi bir insan olduğunu vurğulayıb: \"Atam evdə səhnədə göründüyü kimi deyildi. Əksinə çox ciddi bir insan
olub. Hətta heç kimin inana bilməyəcəyi qədər ciddi olub. Onun üçün əsas
tamaşaçı sevgisi idi. Atam üçün ən böyük mükafat tamaşaçı alqışları olub\".
Qeyd
edək ki, Eldəniz Zeynalov kinoda ilk dəfə 1963-cü ildə rejissor Adil İsgəndərovun
"Əhməd haradadır?" musiqili kinokomediyasında rəngsaz Əhməd rolunda çəkilib,
bundan sonra onun yaradıcılıq həyatı Azərbaycan kinematoqrafiyası ilə bağlı
olub. Görkəmli aktyor müəllimi Adil İsgəndərovun xeyir-duası ilə 30-dan
artıq filmdə, o cümlədən "İyirmialtılar" tarixi-inqilabi filmində komissar
Vəzirov, "Yaşamaq gözəldir, qardaşım" romantik kinopovestində Mustafa Sübhi, "O
qızı tapın" detektiv filmində Səyavuş, "Ömrün səhifələri" kinoalmanaxındakı
"Rəqiblər" novellasında Eldəniz, "Mən nəğmə qoşuram" uşaq filmində sədr, "Qızıl
uçurum" melodramında Nuru bəy, "Bizim Cəbiş müəllim" kinopovestində alverçi
Qulam, "Yeddi oğul istərəm" filmində kəndli Kazım, "Həyat bizi sınayır"
kinopovestində Məsi, "Yol əhvalatı" kinokomediyasında şikayətçi, "Babamızın
babasının babası" kinokomediyasında həkim, "Əzablı yollar" kino-nağılında Div
və digər filmlərdə irili-xırdalı rollarda çəkilib. Lakin onun kinoda ilk böyük
rolu "Bir cənub şəhərində" sosial kinopovestində Tofiq obrazı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB