Bölgələrdə fəaliyyət göstərən teatrlar bir sıra yeni tamaşalarla teatrsevərlərin qarşısına çıxacaq. C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında hazırda bir neçə yeni tamaşanın məşqləri gedir. SİA-ya teatrdan verilən məlumata görə, bunlar "Evlənmə", "Şəngül, şüngül, məngül", "Gəl, qohum olaq" və "Dan yeri söküləndə" tamaşalarıdır. Bununla yanaşı, teatrda yaxın vaxtlarda daha dörd tamaşının məşqləri başlanacaq. Bunlar İlyas Əfəndiyevin "Tənha iydə ağacı", J.B.Molyerin "Skapenin kələkləri", Rafael Hüseynovun "Məhsəti" və Ağalar İdrisoğlunun "Şah İsmayıl Xətai" pyesləri əsasında hazırlanacaq tamaşalardır.
Mingəçevir Dövlət Dram Teatrında da yaradıcılıq prosesi səngimədən davam edir. Teatrın baş rejissoru Günay Səttarovadan aldığımız məlumata görə, teatrda paralel şəkildə bir neçə tamaşanın məşqləri gedir: \"Bu tamaşalardan biri dövlət sifarişi ilə hazırlanan, milli dramaturgiyaının banisi M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunan "Can bizimkilər" tamaşasıdır. Səhnə əsərinin martın 3-də premyerası nəzərdə tutulur\".
M.F.Axundzadənin komediyalarının və "Kəmalüddövlə məktubları" əsərinin motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi teatrın baş rejissoru Günay Səttarova, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur. Janrı iki hissəli kollaj kimi müəyyən olunan tamaşada teatrın və studiyanın aktyorları məşğuldur. Tamaşada Mirzə Fətəli Axundzadə rolunu əməkdar artist Akif Mirabov ifa edir. Digər rollarda aktyorlar Şıxı Yabuqov, Zülfü Məmmədov, Ceyhun Əhmədov və başqaları çıxış edirlər.
G. Səttarova onu da vurğulayıb ki, teatrda həmçinin bir sıra yeni tamaşaların hazırlanması planlaşdırılır: \"Cari ayın sonlarından etibarən gənc rejissor Sahib Ağayev E. De Filipponun "Ruhlar" əsəri əsasında yeni tamaşanın məşqlərinə başlayacaq. Teatrda yaxın gələcəkdə hazırlanacaq tamaşalar siyahısında İradə Gözəlovanın quruluş verəcəyi "Min biri gecə" tamaşası da var. Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi İradə Gözəlovadır\".
N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında da bu yaxınlarda Tural Mustafayevin quruluşunda E.L.Voyniçin "Ovod" əsəri əsasında hazırlanacaq yeni tamaşanın məşqlərinə start veriləcək. Lənkəran teatrı yeni estetika axtarışlarını intensivləşdirmək, beynəlxalq əlaqələrini gücləndirmək xarici ölkələrdən rejissorlar dəvət etməyə davam edir. Bu yaxınlarda teatra Bolqarıstandan və Gürcüstandan rejissorlar dəvət ediləcək. Bolqarıstanlı rejissor Xristo Stoyçev Molyerin "Mizantrop" əsəri əsasında "Mizantrop - 21", gürcü Zurab Proxadze isə "Aşıq Qərib" "Don Juan" tamaşalarına quruluş verəcək. Teatr həm də cari ildə iki beynəlxalq festivala dəvət alıb. Kollektiv may ayında Türkiyədə Adana Teatr Festivalında, sentyabrda isə Bolqarıstan Sofiya şəhərində keçirilən Beynəlxalq Teatr festivalında iştirak edəcək.
S.Rəhman adına Şəki Dövlət Dram Teatrında da bir sıra yeniliklər var. Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlinin sözlərinə görə, M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunan "Mərd xəsis Hacı Qara" tamaşasının məşqlərinə artıq başlanılıb. Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Qüdrət Məmmədovdur.
Teatr beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində də fəaliyyətini davam etdirir. Teatrın dünya teatr məkanına inteqrasiyası məqsədinə yönələn kollektiv bu ilin aprel ayında Türkiyədə səfərdə olacaq. Belə ki, teatr 14-24 apreldə Türkiyənin Konya şəhərində keçiriləcək türkdilli xalqların beynəlxalq teatr festivalı olan "Min nəfəs bir səs" adlı festivala dəvət alıb. Şəki teatrı fesivalda J.B.Molyerin "Aldadılmış ər" tamaşası ilə iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB