Xalça muzeyində Xocalı faciəsi anılıb

Xalça muzeyində Xocalı faciəsi anılıb
Bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan "Xocalını yaşadanlar" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin əməkdaşı Aygün Abbasova bildirib ki, xalqımız hər zaman bütün faciələrə, amansızlıqlara böyük iradə və əzmkarlıqla sinə gərib, daim irəli addımlayıb.

Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd, gələcəyimizin təmsilçiləri sayılan uşaqlara bu soyqırım haqqında ətraflı məlumat verməkdir.


Tədbir iştirakçıları ilk olaraq Xocalı şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra Nizami rayon Mədəniyyət Mərkəzinin fəal üzvlərinin, Sabunçu rayonu Bakıxanov qəsəbəsinin 309 saylı orta məktəbinin və Bakı şəhərində yerləşən 2 saylı Füzuli qaçqın məktəbinin şagirdlərinin ifasında Xocalıya həsr edilən kompozisiyalar, vətənpərvərlik ruhunda müxtəlif şerlər təqdim olunub. Eyni zamanda rəssamlıq bacarığı olan uşaqlar Xocalı soyqırımı ilə bağlı duyğu və hisslərini çəkdikləri şəkillərdə əks etdiriblər.


Tədbirin sonunda tədbir iştirakçıları Xalça muzeyinin ekspozisiyası ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə