ASSİTEJ-in İcra Komitəsi media nümayəndələri üçün mətbuat konfransı keçirib- FOTO
Bu gün Bakıda ASSİTEJ-in İcra Komitəsi media nümayəndələri üçün mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə ASSİTEJ-in prezidenti İvet Hardi (Cənubi Afrika), baş katibi İvitsa Simic (Xorvatiya) iştirak edib.
Konfransda ilk olaraq çıxış edən ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov bildirib ki, ASSİTEJ – 1965-ci ildə Uşaq və gənclər teatrları mütəxəssislərinin beynəlxalq alyansı kimi yaradılıb: "Dünya üzrə 84 milli mərkəzi fəaliyyət göstərir".
Mübariz Həmidov onu da əlavə edib ki, hazırda teatra gələn tamaşaçıların sayında artım müşahidə olunur: "Tamaşaçıların əsas istəyi teatrda komfortun olmasıdır. Bunun üçün hazırda lazımi şərait yaradılır. Belə ki, Musiqili Komediya Teatrı sentyabrda istifadəyə veriləcək. Daha sonra isə Akademik Opera və Balet Teatrı təmirə dayandırılacaq".
ASSİTEJ-in prezidenti İvet Hardi isə vurğulayıb ki, Azərbaycanda ikinci səfəridir: "Burada göstərilən isti münasibətdən çox məmnunam. Azərbaycanın ASSİTEJ-ə üzv seçilməsini də yüksək qiymətləndirirəm. ASSİTEJ teatrın müxtəlif sahələrinə köməklik etməklə bu sahəyə öz töhfəsini verəcək. Bu da teatrın davamlı fəaliyyətinə şərait yaradacaq. Toplantı müddətində növbəti 3 il ərzində qarşıda duran vəzifələri müzakirə edib onların həlli istiqamətində müəyyən işlər görüləcək. Bununla yanaşı, Azərbaycan və xarici teatrlar arasında əməkdaşlıq məsələləri də müzakirə olunacaq".
Məlumat üçün bildirək ki, "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq 2011-ci il noyabr ayında Bakıda Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY Uluslararası Kültür Təşkilatı ilə birgə Beynəlxalq Kukla Teatrları Festivalı keçirilib. Festival çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə üzv seçilib və Azərbaycan Milli Mərkəzinin ilk toplantısı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB