Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT), BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycandakı nümayəndəliyi ilə birlikdə AGAT nəzdində yaradılan Milli İcmaların Koordinasiya Şurasının iştirakı ilə Beynəlxalq Ana Dili Gününü həsr olunmuş "Dil və Mədəniyyət" Festivalı keçirəcək. SİA-nın xəbərinə görə, tədbir 21 fevralda Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda baş tutacaq.
Tədbirdə Şuraya daxil olan Rusiya, Ukrayna, yəhudi, tatar, Yunanıstan, Türkiyə və Polşa gənclər təşkilatlarının nümayəndələri şeir, mahnı, səhnəcik, rəqslər, təqdimatlar və s. bu kimi vasitələrlə öz dillərini nümayiş etdirəcək, milli mətbəxlərdən təamlar hazırlayacaq və mədəniyyətlərinin atributu olan milli geyimlərini nümayiş etdirəcəklər. Tədbirdə Prezident Administrasiyası, müxtəlif səfirlik, millət vəkilləri, Gənclər və İdman Nazirliyi, Ombudsman Aparatı, o cümlədən BMT-nin bir sıra agentliklərindən qonaqların iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Beynəlxalq Ana dili Günü 1999-cu ilin Noyabrında YUNESKO-nun Baş Konfransında elan edilmiş və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik və mədəni müxtəliflik, o cümlədən çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir. Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir vasitədir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə dil müxtəliflikləri və çoxdilli tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artmasına və qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB