Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyi ölkənin ən böyük universitetlərindən biri sayılan Pretoria Universitetinin mərkəzi kitabxanasının əsas binasında Azərbaycana həsr edilmiş sərgi təşkil edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sərgidə ölkəmizin və paytaxt Bakının tarixinə və müasir dövrünə həsr olunmuş şəkillər, 20 yanvar faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acınacaqlı nəticələrini əhatə edən fotoekspozisiya nümayiş etdirilib.
Bununla yanaşı ingilis dilində nəşr olunmuş Azərbaycanın tarixi, mədəniyyəti, milli və təbii sərvətləri, 20 yanvar faciəsi, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi, Azərbaycanın siyasi sistemi və digər mövzulara aid kitablar, milli suvenirlər də ekspozisiyaya daxildir. Keçirilən sərgidə Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş və yüksək poliqrafik keyfiyyətə malik kitablar xüsusi yer almışlar. Həmçinin xüsusi masada tələbə və müəllim heyəti üçün Azərbaycana həsr edilmiş jurnal, fotoşəkillər, xəritələr, tarixi və turistik xarakterli təbliğat materialları yayımlanmaqdadır. Kitabxanada yerləşdirilmiş 5 monitorda Azərbaycanla bağlı film daim göstərilməkdədir.
Səfirliklə Universitet rəhbərliyi arasında əldə edilmiş razılığa əsasən sərgi iki həftə ərzində nümayiş etdiriləcək və bitdikdən sonra sərgiyə nümayiş edilən və səfirlikdə olan əlavə kitablar rəsmi olaraq kitabxanaya hədiyyə ediləcək və kitabxananın fonduna daxil olunacaq.
Məlumat üçün bildiriləsidir ki, Pretoria Universitetində 50 minə artıq tələbə təhsil alır, 140 departament və 85 elmi mərkəz fəaliyyət göstərir. Universitetin kitabxanası 40800 bakalavr, 12700 magistr və doktorluq tələbələrə və 4000 müəllim heyətinə müxtəlif informasiya xidmətlərini göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB