İtaliyada “Azərbaycan: “İpək yolu” üzərində Odlar Yurdu” adlı sərgi açılıb
İtaliyada Roma Sivilizasiyası Muzeyində "İpək yolu" beynəlxalq sərgi festivalı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Azərbaycan: "İpək yolu" üzərində Odlar Yurdu" adlı sərgisi açılıb. SİA-nın məlumatına görə, festival İtaliyanın Mədəniyyət və Xarici İşlər nazirlikləri və Roma Şəhər Meriyası tərəfindən təşkil olunub.
Ölkəmizin İtaliyadakı səfirliyi tərəfindən dəstək verilmiş açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, festivalın təşkilatçısı olan Roma Şəhər Meriyası nəzdindəki "Zetema" qrupunun prezidenti Françesko Markolini, Roma şəhər merinin diplomatik müşaviri Filippo La Rosa, Roma şəhərinin tarixi, arxeoloji və mədəni abidələr üzrə idarəsi rəisinin müavini xanım Renata Piççinini, Roma Sivilizasiyası Muzeyinin direktoru xanım Lukretsiya Unqaro çıxış edib.
Nazir Əbülfəz Qarayev çıxışında Azərbaycan-İtaliya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulamış, bu əlaqələrin tarixi köklərindən danışıb. Nazir iki ölkə arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi üçün mədəniyyətlərin qarşılıqlı tanıdılmasının zəruriliyini qeyd edib. Bu il Azərbaycan mədəniyyətinin İtaliya ictimaiyyətinə təqdim edilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən keçiriləcək tədbirlərin nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, açılış mərasimindən sonra mədəniyyət və turizm naziri Əbülfəz Qarayev İtaliyanın kütləvi informasiya vasitələrinə müsahibələr verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB