Eldar və Nigar finalçılarımızı dəstəkləyirlər

Eldar və Nigar finalçılarımızı dəstəkləyirlər
\"Eurovision- 2012\" mahnı müsabiqəsi üçün keçirilən Milli Seçimlərin final gecəsində Eldar və Nigar da iştirak edəcək. Ötən ilin qalibləri finalçılara dəstək olmaq üçün onlarla eyni səhnəni paylaşacaqlar. SİA-nın müsabiqənin Azərbaycan üzrə rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 12-də Heydər Əliyev Sarayının səhnəsində keçiriləcək möhtəşəm tədbiri onlar da eyni həyəcanla gözləyir. Həm Eldar, həm də Nigar Azərbaycanı bu müsabiqədə təmsil etmək istəyən "beşliyə" öz məsləhətləri ilə köməklik göstərməyə hazırdırlar.


"Həm finaldakı "beşlik", həm də biz çox həyəcanlıyıq. Əlbəttə, istərdik ki, bu gözəl müsabiqədə Azərbaycanı ən layiqli ifaçı təmsil etsin",- deyən Eldar Qasımov müsabiqədə qazandıqları təcrübəni builki təmsilçimizlə bölüşməyə hazır olduqlarını bildirib.


"İstərdik ki, Azərbaycan üçün bu il də çox uğurlu olsun, ölkəmizin "Eurovision"dakı qələbələrinin sayı artsın". Milli Finalın iştirakçılarına uğurlar arzulayan Nigar Camal da hər zaman onlara kömək etməyə hazır olduqlarını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə