Yeni filmlərə hələ çox var?

Bir çox yeni filmlərimizin çəkilişləri başa çatmaq üzrədir. Bunu SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov açıqlamasında bildirib. Onun sözlərinə görə, bu il üçün 4- 5 filmin çəkilişləri dəqiq başa çatacaq.

O qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyası bu ilin ilk çəkilişlərinə başlayıb: "İlk film "Azərbaycanda olan muğam-caz" adlanır. Film "Salnamə" kinostudiyası ilə Almaniyanın "Das-Apartment" pradakşn şirkəti ilə birgə çəkilir. Filmin rejissor və ssenarisi Klaus Bernhartdır. Filmdə Azərbaycan muğamı, caz, eləcə də muğam musiqisi ilə cazın sintezi əks olunub. Kinostudiyanın çəkdiyi ikinci film isə İkinci Dünya müharibəsindən bəhs edir. "Biz dost idik" adlanan filmdə Yuqoslaviyanın partizan dəstəsinin 9-cu korpusunda vuruşan 100-ə yaxın azərbaycanlı döyüşçünün həyat hekayəsi əks olunacaq. Film qəbirləri Sloveniyada olan partizanların döyüş yoldaşlarının danışdıqları xatirələr əsasında çəkiləcək. Çəkilişlərinə mart ayında Sloveniyada başlanılacaq filmin rejissoru Tahir Əliyevdir".

Bununla yanaşı, Mirzə Fətəli Axundovun 200 illik yubileyinə həsr olunan və Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında istehsal olunan "Sübhün səfiri" gələn il, Mirzə Fətəli Axundovun 200 illik yubileyinə qədər təhvil verilməsi nəzərdə tutulur: "İki seriyalı "Sübhün səfiri" bədii-sənədli filminin quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan Məmmədov, rəssamı Rafiz İsmayılov, bəstəkarı Cavanşir Quliyev, rejissoru Akif Rüstəmovdur. Filmdə Mirzə Fətəli Axundovun gənclik dövrünü gənc aktyor Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü isə xalq artisti Rasim Balayev canlandırır. Filmdə Bakıxanov rolunda Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunda Məmməd Səfa, Lermontov rolunda Oleq Əmirbəyov çəkilirlər. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova Tubu xanım rolunu oynayır. Film Mirzə Fətəli Axundovun xəstə halda yataqda yatması səhnəsi ilə başlayır. Ssenariyə əsasən ağır xəstə olan Mirzə Fətəli Axundov həyatını göz önündən keçirir. Mütəfəkkirin ölüm ərəfəsində göz önündən keçirdiyi anlar iki seriyalı filmdə yer alacaq",- deyə sektor müdiri əlavə edib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan "Dolu" filmi hazırlıq prosesindədir deyən Y. Şeyxov vurğulayıb ki, "Azərbaycanfilm" kinostudiyasının həyətində filmin bir sıra səhnələri də çəkilib: "Çəkilişlərin əsas hissəsi İsmayıllı rayonunda aparılıb. Həmçinin Ağdam rayonunun ərazilərində filmin final kadrları çəkilib. "Azərbaycanfilm" kinostudiyası binasının qarşısında filmin əsas səhnələrindən biri - Ağdam şəhərində hərbi qərargahın önündə baş verən hadisələr lentə alınıb. Bir neçə günə çəkilişlər başa çatacaq. Məlumat üçün bildirək ki, film Aqil Abbasın "Dolu" romanı əsasında çəkilir. Qeyd edək ki, Sumqayıtda, daxili qoşunların təlim poliqonunda da çəkilişlər aparılacaq. Poliqonda filmin son döyüş səhnəsi lentə alınacaq. Dövlət sifarişi ilə çəkilən bu filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı xalq artisti Polad Bülbüloğludur".

"25 il bundan əvvəl çəkilən "Qorxma mən səninləyəm" filminin ikinci hissəsinin çəkilişlərinə başlanılıb. Filmin ssenari müəllifi və rejissoru, əslən bakılı Yuli Qusmandır. Əsas rolların ifaçıları isə xalq artisti Lev Durov, xalq artisti Polad Bülbüloğludur. Filmdə həmçinin Nuriyyə Əhmədova, Məbud Məhərrəmov və başqaları rol alıb. Film Azərbaycan və Rusiya kinematoqrafçıları tərəfindən müştərək çəkilir. İlk çəkilişləri Xəzər rayonunun Gürgan qəsəbəsində baş tutan filmin digər kadrları Şüvəlan, Mərdəkan, İçərişəhər və Qax rayonunda çəkiləcək", -deyə sektor müdiri bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyası Rusiyanın "Weit Media" şirkəti ilə birgə "Qırmızı bağ" adlı tammetrajlı bədii filminin çəkilişləri başa çatıb deyən Yusif Şeyxov: "Sadəcə montaj və səslənmə mərhələsi qalıb. Filmin çəkiliş prosesi Şəkidə aparılıb. Ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimlidir. Hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Filmdə orta məktəb müəllimi Abbasla onun həyat yoldaşı Vəfanın məişət qayğılarından bəhs olunur. Onların qarşısına Orxan adlı kimsəsiz uşağın çıxması ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin yaşayışı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir. Filmin 2012–ci ildə hazır olacağı planlaşdırılır".

Bu il nümayiş olunacaq filmlər sırasında ən başlıcası Cəfər Cabbarlı adına \"Azərbaycanfilm\" kinostudiyasında çəkilən "Çölçü" filminin çəkilişləri davam edir: "Filmin quruluşçu rejissoru Şamil Əliyevdir. Ekran əsəri poetik dram janrındadır. Filmin çəkilişləri Goranboy rayonunun Dəliməmmədli kəndində aparılır. Arxaik dünya ilə modern dünya arasında olan konfliktlər filmin əsas ana xəttini təşkil edir. Filmdə, həmçinin məhəbbətdən də söz açılır. Ekran əsərinin dekorasiya çəkilişləri Bakıda Azərbaycan filmin pavilyonunda davam etdiriləcək. Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı isə Rauf Əliyevdir. Filmdə baş rolları aktyor Bəhruz Vaqifoğlu, gürcü aktrisası Salome Demuria, Vidadi Həsənov, çölçünün uşaqlığı isə Cavidan Məmmədov və başqaları canlandırırlar".

Yusif Şeyxov onu da qeyd edib ki, rejissor Samir Kərimoğlu "Mən evə qayıdıram" hərbi-vətənpərvərlik mövzusundakı bədii filmin çəkilişlərini başa çatdırıb: "Hazırda montaj işləri başlayıb. "Mən evə qayıdıram" filmi Qarabağ müharibəsinə həsr olunub. Hadisələr aviasiya hissələrindən birində baş verir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişli ilə "Salnamə" studiyasında çəkilən filmdə yerli və rusiyalı aktyorlar çəkiliblər. Ssenari müəllifi İsmayıl Səfərəliyevdir".

Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı romanı əsasında "Mahmud və Məryəm" bədii filminin çəkilişlərinə yaxın zamanlarda start veriləcək. Film Azərbaycanın "Salnamə" və Türkiyənin "24 Karefilms" kinostudiyaları tərəfindən istehsal olunacaq. Filmin rejissorları türk əsilli məşhur britaniyalı televiziya və kino rejissoru Mətin Hüseyndir. Çəkilişləri Azərbaycan və Türkiyədə aparılacaq. Filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla 30-dan artıq ölkədə satışı planlaşdırılır

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında "Qisas almadan ölmə" filmi yenidən istehsalata buraxılıb. Hhazırda film hazırlıq prosesindədir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Oqtay Mirqasımovdur. Ekran əsərində süjet xəttinə uyğun olaraq Azərbaycan, gürcü və alman aktyorları çəkiləcək. Çəkilişlər də Azərbaycan, Gürcüstan və Almaniyada aparılır. Yalnız Almaniyada çəkiləcək hissələr qalıb. Baxmayaraq ki, film ötən il istehsalata buraxılmışdı. Lakin maliyyə problemləri ilə əlaqədar olaraq film yarımçıq dayandırılmışdı.

Bir çox Avropa ölkələrinin film mərkəzləri ilə əməkdaşlıq etdiklərini də vurğulayan sektor müdiri əlavə edib ki, növbəti layihəmiz Fransa ilə baş tutacaq: "Fransanın kino mütəxəssisləri Jan Pier Dublyer (Jean Pierre Dubilier) və Stefani Laşevr (Stephanie Lachevre) Bakıda səfərdə olublar. Fransız kino mütəxəssislərinin Azərbaycana səfəri Aleksandr Düma haqqında filmin çəkilişlərinə hazırlıq məqsədi daşıyır. Film fransızlarla birgə Yaddaş studiyasının layihəsidir. Hətta çəkiləcək bu film Avropa kanallarının bir çoxunda nümayiş olunacaq. Jan Pier Dublyer filmin ssenari müəllifi və rejissoru, Stefani Laşevr isə filmin koordinatorudur. Azərbaycanda olduqları müddətdə qonaqlar Aleksandr Dümanın olduğu yerləri gəzib və müşahidə aparıblar. Eyni zamanda J.P.Dublyer bu təəssüratlarından ssenaridə istifadə edəcək. Onlar Azərbaycandan olan bələdçi Fuad Axundovla birgə Bakı, Sumqayıt, Qusar, Şamaxı, Şəki zonasına gedəcəklər. Aleksandr Düma haqqında film çəkmək ideyası Fransanın tanınmış aktyoru Jerar Departyeyə məxsusdur. O bu təkliflə Bakıda səfərdə olduğu müddətdə çıxış edib. Filmin çəkilişlərinin mayın sonu yayın əvvəllərində ekranlaşdırılması planlaşdırılır. Hazırda filmin detalları və ssenarisi hazırlanır".

Bütün xəbərlər Facebook səhifəmizdə