İrlandiyanın \"Eurovision-2012\" mahnı müsabiqəsinin təmsilçisi fevralın 24-də müəyyən ediləcək. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, Dublində keçiriləcək "The Late Late Show"zamanı 5 ifaçı arasından qalib seçiləcək. Finalçılar sırasında məşhur "Jedward" da var.
Ötən il Düsseldorf səhnəsindən Avropaya "Lipstick" mahnısı səsləndirən İrlandiyanın məşhur "Jedward" pop dueti ölkəsini bu il də Eurovision Mahnı Müsabiqəsində təmsil etmək arzusundadır. Bu əkiz qardaşlar keçən il "Lipstick" mahnısıyla Eurovision Mahnı Müsabiqəsinin 8-cisi olub.
eurovision.az saytına müsahibəsində Bakı səhnəsində çıxış etmək istəklərini açıqlayan qardaşlar "Eurovision"un onların həyatındakı rolundan danışıblar. Düsseldorfda səmimilikləri ilə seçilən qardaşlar, suallarımızı eyni ab-hava ilə cavablandırıblar.
-Eurovision Mahnı Müsabiqəsi sizin üçün nə deməkdir?
-Eurovision Mahnı Müsabiqəsində iştirak bizim üçün çox önəmli idi. Bu, möhtəşəm bir şoudur. Biz layihə çərçivəsində çoxsaylı maraqlı insanlarla tanış olduq. Ən əsası isə müsabiqədə iştirakla böyük bir dəyişiklik gətirdiyimizə ümid edirik.
-"Lipstick" Eurovision 2011-in məşhur mahnılarından idi. Sizcə finalda TOP 3-ə niyə düşə bilmədiniz?
-Tam səmimi deyək ki, TOP 3 mahnı siyahıyasına düşmək bizim üçün əsas deyildi. Eurovision bizə çoxlu yeni fanatlar qazandırdı və bizim mahnımız müsabiqədən sonra Avropada çox məşhur oldu.
-"Lipstick" mahnısı ilə Avropa auditoriyasına çatdırmaq istədiyiniz bir mesaj var idimi?
-Bu mahnıya müxtəlif mənalar verilib. Lakin bizim üçün bu, hər zaman valideyn nəzarəti ilə dinləniləcək bir mahnı olub.
-2011-ci ildə keçirilən Eurovision Mahnı Müsabiqəsindən indiyə qədər hansı uğurlarınız olub?
-Müsabiqədən sonra iki dəfə Avropa turunda olmuşuq. Özümüzün TV şoumuz var, bir albomumuz işıq üzü görüb və bu yaxınlarda Dublində 50.000 insan tərəfindən izlənilən pantomimanı başa çatdırdıq. Yəni, hər an inkişafdayıq və uğur qazanmaq yolunda irəliləyirik.
-Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil olunmaq şansınızı necə dəyərləndirirsiniz?
-Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak etmək üçün biz ilk olaraq "Eurosong" yarışmasında qalib gəlməliyik. Ona görə də müsbət nəticələrə ümid edirik. Bizim gözəl yeni mahnımız var və hamının bu mahnını eşitməsini istəyirik. ("Eurosong" Eurovision üçün İrlandiya təmsilçisini seçən yarışmadır–red.)
-Eurovision 2012-də təmsil olunsanız, Bakı səhnəsinə Düsseldorfdakından fərqli nə vəd edirsiniz?
-Biz daha bir yüksək səviyyəli performans sərgiləyəcəyik və daha da önəmlisi, yarışmaya çoxlu əyləncə qatacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə