Maltanın \"Eurovision- 2012\" təmsilçisi Kurt Calleja fevralın 12-də Bakıya gələcək. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, bu, Kurt Callejanın may ayında keçiriləcək Eurovision mahnı müsabiqəsi ərəfəsində Bakıda ilk çıxışı olacaq.
Bu barədə ötən günkü qələbəsindən sonrakı mətbuat konfransında Kurt Calleja məlumat verib. Fevralın 4-də Maltadakı final səsverməsində 16 ifaçı arasında birinci olan Kurt həmin gün Heydər Əliyev Sarayında Azərbaycanın Eurovision 2012 təmsilçisinin seçimlərində "This Is The Night" mahnısını ifa edəcək. Kurt Calleja Maltada Milli Seçimlərdə iştirak edən ifaçılar sırasında favorit idi.
Fevralın 4-də keçirilən Milli Final gecəsində həmçinin Maltanın Eurovision 2011 təmsilçisi Qlen Vella (Glen Vella), Fransanın builki Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Anqun (Anggun) çıxış edib.
Final gecəsinin maraqlı və tamaşaçılar tərəfindən möhtəşəmliklə qarşılanan məqamı isə Azərbaycanla bağlı olub. Eurovision 2011 qaliblərimiz Eldar və Nigar səhnədə böyük sevgi ilə qarşılanıb. Ötən ilin mayında "Running Scared" mahnısı ilə bütün Avropada coşqu yaradan Eldar və Nigar Maltadakı finalda duet ifası ilə yanaşı, yeni solo mahnılarını da təqdim edib. Eurovision qaliblərimiz həm də Malta təmsilçisinin seçimlərində münsiflər heyətinin tərkibində təmsil olunurdu.
Final gecəsinə qonaq kimi dəvət olunan İctimai Televiziyanın aparıcısı Hüsniyə Məhərrəmova iştirakçıları ürək sözləri ilə dəstəkləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB