“Yerə-göyə sığmayan” sənət fədaisi Natiq Fərzəliyev 50 yaşında
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış aktyor Natiq Fərzəliyevin anadan olmasının 50, yaradıcılığının 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, yubiley tədbirində ilk olaraq çıxış edən teatrın direktoru Mübariz Həmidov bildirib ki, sənət dünyasında elə aktyorlar var ki, onların səhnə taleyi daxili dünyasından və Tanrının bəxş etdiyi görkəmdən asılı olur: "Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev də belələrindəndir. Zahiri görkəmi etibarı ilə yalnız xarakterik və uşaq obrazlarını yaratmağa daha çox uyğun gələn N. Fərzəliyev elə rejissorların da diqqətini ilk gündən bu cəhəti ilə cəlb edib. Azərbaycan və dünya klassikasının ən gözəl nümunələrində, həmçinin müasir səhnə əsərlərində müxtəlif xarakterlərin ona etibar olunması aktyoru təkcə teatr tamaşaçılarına deyil, həm də efir məkanında tanıdıb\".
Daha sonra Samir Sədaqətoğlunun "Yerə-göyə sığmayan" bir hissəli tragikomediyası nümayiş etdirilib. Yubilyar bu səhnə əsərində Kişi rolunu canlandırıb.
Tamaşanın ardınca aktyorun rol aldığı səhnə əsərlərindən ibarət video çarx izləyicilərin ixtiyarına verilib.
Mingəçevir Dövlət Dram Teatrının direktoru Həsən Həsənov vurğulayıb ki, zəngin daxili potensiala malik olan N. Fərzəliyev hər bir personajın xarakter və yaşayış tərzinə uyğun gələn cizgiləri tapmaq bacarığı onun peşəkar sənət adamlarından olmasından xəbər verir.
Tədbirdə bir sıra mədəniyyət və incəsənət xadimlərinin iştirak edərək N.Fərzəliyevin yaradıcılığı, yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, aktyor Mirzə Fətəli Axundovun "Hekayəti-xırsi-quldurbasan" tamaşasında Meymun, Cəlil Məmmədquluzadənin "Qurbanəlibəy" tamaşasında Aşbaz, Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasında Şirxan, Kamal Abdullanın "Sevirəm səni, Türkiyə" tamaşasında Bəstəçi, Vilyam Şekspirin "Yay gecəsində yuxu" tamaşasında Cırtdan Piter, "Hamlet"də Qəbirqazan, "Tədbirə qarşı tədbir"də Pompey və digər mühüm obrazlarla insanların yaddaşlarında dərin izlər buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB