Eldar Qasımov: “Dostlar, nəhayət ki, biz yenidən Birlikdəyik! “BİRLİKDƏ NƏHAYƏT” Sizlər üçün!” - VİDEO
"Yeni mahnım bir qayıdışdır... Dostlarımın yanına qayıdıram! Bu mahnıda həm pərəstişkarlarımdan, həm mənim özümdən, həm də artıq ömrümüzün ayrılmaz bir hissəsinə çevirilən, keçən əziyyətli, əsəbi və eyni zamanda ləzzətli ildən bəhs olunur! Lirik mahnılar, böyük kütləyə, auditoriyaya və dinləyicilərə ruhumu və ürəyimi göstərir. Mən insanların ürəyinə birbaşa yol tapan, mənası hər kəsə tanış olan və həyatın reallıqlarından bəhs edən mahnıları ifa etməyə üstünlük verirəm. Mən onları "Sevgi melodiyaları" adlandırıram. Bu cür mahnılar məni çox yaxşı xarakterizə edir".
SİA-nın məlumatına görə, bu fikirlər məhz Azərbaycana qalibiyyət gətirən və "Eurovision" sevinci yaşadan və Avropanın sevimlisinə çevrilən Eldar Qasımova məxsusdur. Qalibiyyətdən sonra çox gərgin iş qrafikinə malik olan Ell, çoxsaylı pərəstişkarların həsrətinə son qoyaraq, yeni mahnı ilə onları sevindirdi. Eldar Qasımovun ifa etdiyi mahnının bəstəkarı Mərkəz Records Leybli və Toniyə, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur.
Eldar deyib ki, bu mahnı üzərində komanda şəklində çox uzun müddətdə çalışmaları olub: "Yeni mahnımız işıq üzü görsün deyə biz Mərkəz Records və Toni ilə sıx əməkdaşlığa başlamışıq. Əvvəldən planlaşırdı ki, mahnı Yeni il münasibəti ilə təbrik mahnısı olsun və Zəhra xanım artıq bu mövzuda sözləri yazmışdı. Vaxt keçirdi, mən mahnını yazdırırdım, qulaq asırdıq, sonra yenidən yazdırırdım və yenə də qulaq asıb hamımız qiymət verirdik. İstədiyimiz nəticəyə nail olmaq üçün mahnını dəfələrlə söküb yenidən qururduq. Sonda biz yaxşı, ürəkli bir mahnı etmək qərarına gəldik".
Mahnısının Azərbaycan dilində olduğunu diqqətə çatdıran Eldar Qasımov mövzunun sevgidən olduğunu da əlavə edib və sevgiylə bağlı fikirlərini bölüşüb: "Təəssüf ki, son vaxtlar çox tez-tez insanların getdikcə əsl sevgiyə və möcüzələrə daha az inandıqlarının şahidi oluram. Halbuki bu iki gözəl şey buxarlanmayıb, heç bir yerə itməyib, onlar həmişə bizim yanımızdadır. İnsanlar hər gün öz problemləri ilə bu iki gözəl hissi özləriin içində dəfn edirlər. Onlar qəddar həyat qarşısında hissiz və duyğusuz görünməyə çalışırlar. Və mən hamını çox yaxşı başa düşürəm! Ancaq biz hamımız olduqca səmimi olmağa çalışmalıyıq, möcüzələrə və məhəbbətə inanmalıyıq, onları özümüzə cəlb etməliyik. Bəzi insanlarda bu alınır! Bizdə də mütləq alınacaq! Mən buna inanıram!"
Eurovision müsabiqəsində qalibiyyətdən sonra ifa edəcəyi mahnı ətrafında çox düşündüyünü bildirən Ell, bunun çox qəliz iş olduğunu da fikirlərinə əlavə edib: "Mən və menecerim Zəhra xanım Bədəlbəyli ilk mahnımız barəsində çox fikirləşirdik, götür-goy edirdik. Ancaq əvvəldən müəyyən etdik ki, bu mütləq lirik bir əsər olacaq. Biz qərara gəldik ki, yeni mahnımda Eurovision mahnı müsabiqəsində yaşadığım atmosferi, əhval-ruhiyyəni yaradaq".
Səmimiliyi ilə çoxlarından fərqlənməyi bacaran gənc və qalib müğənni, uzun müddətdir görünməməyinin səbəblərinə də toxunub. O bildirib ki, "Eurovision"dan dərhal sonra filmdə çəkilməyə təklif alıb: "Aldığım film təklifini mən də böyük məmnuniyyətlə qəbul elədim. Çəkilişlər təxminən iki ay çəkdi, sonra isə daimi səyahətlər, turne, yenə də çəkilişlər və daha nələr, nələr...Bir müddət mən öz pərəstişkarlarımdan, dostlarımdan ayrıldım, halbuki həmişə sosial şəbəkələrdə onlarla ünsiyyətdə idim. Hamınız üçün çox darıxmışdım. İçimdə hiss edirdim ki, mütləq müsbət, pozitiv bir mahnı ilə yanınıza qayıtmalıyam, hansı ki insanlara müsbət emosiyalar bəxş edəcək. Bu mahnı keçən ilin birgə yaşadığımız ən xoşbəxt anlarını bütün insanların yadına salacaq.
Zəhra xanım çox operativ dərhal ürəyimə düşən yeni sözlər yazdı. Çox sadə, asan və ən əsası hər dinləyən kəs də gözəl hisslər yaşadacağına inanıram. Bu mahnım da bütün sadaladıqlarım var və sevəcəyinizə inanıram. Eləcə də musiqi ilə alındı. Mərkəz Records və Toni kompozisiyanın müxtəlif variantlarını təklif edirdilər. Biz isə ən uğurlu, müsbət və ilk qulaq asmadan sonra dərhal yaddaqalan melodiyanı seçdik".
Yeni və həzn, sevgini tərənnüm edən bu mahnının klipi haqqında da ideyalarını bölüşən uğurlu ifaçı, artıq bununla bağlı bir sıra müzakirələrin olduğunu deyib: "Bizim videoklip ideyası, ssenari və konsepsiyası barəsində çoxlu müzakirələrimiz olub. İndiyə kimi danışıqlar aparılır və hələ ki fikirləşirik. Şəxsən mən istərdim ki, yeni mahnımı qulaq asan insanlar fikirlərində öz şəxsi klipini, şəxsi obrazı və şəkli yaratsınlar. Çünki hər kəsın öz müstəqil fikri var. İstəmirəm ki, hamı bir nəfər kimi bu mahnıya mənim gözümlə baxsın. Hər insan özünə yaxın olan xüsusiyyətləri tapıb seçsin. Öz fikrində kliplər çəksinlər, sonra mənimlə ideyalarını paylaşsınlar. Siz mahnımı necə görürsünüz mənə çox maraqlıdır! Əminəm ki, gələcəkdə çoxlu gözəl və maraqlı günlərimiz var! Mən bunu bilirəm! İndi isə bütün pərəstişkarlarıma, fanlarıma yeni mahnımı təqdim edirəm. Sözlərin müəllifi Zəhra xanım Bədəlbəyli, musiqi isə Mərkəz Records və Toni-yə aiddir.
DOSTLAR, Nəhayət ki biz yenidən Birlidəyik! "BİRLİKDƏ NƏHAYƏT" Sizlər üçün!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB