Kamal Abdullanın \"Məqamlar\" adlı kitabının təqdimatı olub- FOTO

Kamal Abdullanın \"Məqamlar\" adlı kitabının təqdimatı olub- FOTO

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Kamal Abdullanın \"Məqamlar\" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, kitab 3 müəllifin iştirakı ilə qələmə alınıb. Onlar Salam Sarvan, Etimad Başkeçid və Kamal Abdulladır. Kitabda K. Abdullanın yaradıcılığı ətrafında ədəbiyyat söhbətlərindən bəhs edir.

Tədbiri açıq elan AYB-nin sədri yazıçı Anar bildirib ki, son vaxtlar yazıçılar daha çox ədəbiyyat söhbətlərinə üstünlük verirlər: "Bu məqam da yüksək qiymətləndirilməlidir. Elə yazıçılar var ki, onların müsahibələri, yazıçılıq sənəti, ədəbiyyat haqqında düşüncələri, yazdıqları əsərlər qədər maraqlı olur. Kitabdakı söhbətlərin Kamal Abdullanın yaradıcılığı üzərində qurulması heç də təsadüfi deyil".

Daha sonra çıxış edən AYB-nin katibi Arif Əmrahoğlu qeyd edib ki, Kamal Abdullanın yaradıcılığı ətrafında ədəbiyyat söhbəti öz kökünü müxtəlif vaxtlarda mətbuatda dərc olunan müsahibələrdən götürülüb: "Yəqin, diqqətli oxucular bu müsahibələri xatırlayır. Onlar vaxtı ilə ədəbi ictimaiyyətin marağına səbəb olub. Daha sonralar, müəlliflər bu məqamlara yenidən nəzər salaraq mövzunun əhatə dairəsini daha da genişləndiriblər. Bu gün bu balaca kitab, əslində o müsahibələrin ədəbi söhbətə çevrilən variantıdır. İnanırıq ki, dəyərli oxucu kitabın daha bir həmsöhbəti kimi müəlliflərlə birgə ədəbiyyat aləminin naməlum dərinliklərinə baş vuracaqlar".

Məlumat üçün bildirək ki, kitabın redaktoru Aqşin Yeniseydir. Topluda 16 məqalə yer alıb. 500 tirajla çap olunan kitab "Mütərcim" nəşriyyatında dərc olunub.

Qeyd edək ki, tədbirdə AYB-nin sədr müavini Nazim İbrahimov, I katib Fikrət Qoca, katiblər Rəşad Məcid, Arif Əmrahoğlu və başqaları kitab haqqında öz fikirlərini bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə