Bu il Azərbaycanın üç böyük ədibinin yubileyləri qeyd ediləcək

Bu il Azərbaycanın üç böyük ədibinin yubileyləri qeyd ediləcək

Bu il Azərbaycanın üç böyük ədibinin – böyük şair Nizami Gəncəvinin 870, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 və görkəmli satirik şair Mirzə Ələkbər Sabirin 150 illik yubileyləri dövlət səviyyəsində qeyd olunacaq.


Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirlikdə N.Gəncəvi, M.F.Axundzadə və M.Ə.Sabirin yubileylərinin yüksək səviyyədə qeyd olunması ilə bağlı tədbirlər planı müzakirə olunub.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərdliyi ilə keçən iclasda nazirin birinci müavini Vaqif Əliyev, təhsil nazirinin müavini Qulu Novruzov, Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, nazirliyin məsul şəxsləri, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.


İclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ölkə başçısı İlham Əliyevin Azərbaycanın üç görkəmli ədibinin yubileyləri haqqında imzaladığı sərəncamların əhəmiyyətini vurğulayıb, bu sənədlərin dövlət tərəfindən ədəbin irsimizə, mədəniyyətimizə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.


İclasda yubiley tədbirləri ilə bağlı müzakirələr aparılıb, müxtəlif təkliflər səslənib. Qərara alınıb ki, böyük ədib və mütəfəkkirlərin yaradıcı irsini təbliğ etmək məqsədi ilə əsərləri nəşr olunsun, çap məhsulları Azərbaycanda və beynəlxalq kitab sərgilərində nümayiş etdirilsin, səyyar sərgilər təşkil edilsin. Yubileylərlə bağlı Bakıda beynəlxalq elmi konfransların təşkili, tanınmış elm və ədəbiyyat araşdırıcıları bu konfranslara dəvət olunması, ölkəmizdə fəaliyyət göstərən bütün dövlət teatrlarında, habelə türkdilli ölkələrdə, MDB məkanında dramaturqun əsərlərinin tamaşaya qoyulması, respublikamızın rayonlarında tədbirlər keçirilməsi, hər üç ədibin doğulduğu məkanlara – Gəncə, Şəki və Şamaxıya turist səfərlərinin təşkil olunması və s. təkliflər səslənib.


M.Ə. Sabirin yubileyi ilə bağlı yekun tədbirin may ayının sonu – iyunun əvvəlində, N.Gəncəvinin yubileyi ilə bağlı yekun tədbirin sentyabrın axırı - oktyabrın əvvəllərində keçirilməsi qərara alınıb. M.F. Axundzadənin yubileyinə isə noyabrda təntənəli şəkildə yekun vurulacaq.


Yubileylərlə bağlı tədbirlər planı fevralın ortalarında elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə