Hövsan qəsəbəsində uşaq musiqi məktəbi təmirdən sonra istifadəyə verilib

Hövsan qəsəbəsində uşaq musiqi məktəbi təmirdən sonra istifadəyə verilib

Hövsan qəsəbəsində yerləşən 37 nömrəli Uşaq Musiqi Məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, məktəbin mühəndis-kommunikasiya sistemi yeniləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib. Tədris müəssisəsi zəruri musiqi alətləri, inventar və avadanlıqla tam təchiz olunub. Bakı şəhər 37 nömrəli Uşaq Musiqi Məktəbi 1991-ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə fortepiano, skripka, tar, kamança, saz, qarmon, nağara, xanəndə, klarnet ixtisasları üzrə 230 şagird təhsil alır, 50-dən çox müəllim çalışır.


Məktəbin binası dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində tədbirlər planına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə