Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan "açıq qapı" günü keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq teatrın kollektivi qanlı Yanvar faciəsində həlak olan soydaşlarımızın xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra teatrın ədəbi – dram hissə müdiri Rafiq Rəhimli teatrda "açıq qapı"da iştirak edən tamaşaçıları salamlayaraq 20 yanvar faciəsini xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, 20 Yanvar hadisələri hər şeydən əvvəl, Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi gerçəklik idi.
Şəhid Anaları Komitəsinin sədri Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova çıxış edərək yaddaşlarda silinməz izlər qoyan 1990-cı il yanvarın 20-si haqqında fikirlərini dilə gətirib: "20 yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 22 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 22 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, bu gün yaddaşlarımıza milli qürur gün kimi həkk olunub". R.Əsgərova ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticə verəcəyini və tezliklə torpaqlarımızın işğaldan azad olunacağına əminliyini vurğulayıb.
Sonda yazıçı-dramaturq Tamara Vəliyevanın Qanlı 20 yanvar faciəsinə həsr olunan "Mənim ağ göyərçinim" tamaşası nümayiş etdirilib. Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 yanvar şəhidlərinə həsr olunan tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.
"Açıq qapı"da 20 yanvar faciəsinin şahidləri, Qarabağ müharibəsi iştirakçılarının ailələri, əlillər cəmiyyətinin üzvləri, müharibə veteranları və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB