Bəstəkarlar İttifaqında 20 yanvar faciəsinin 22-ci ildönümü anılıb
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) konfrans zalında 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr edilən anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tarix boyu xalqımızın başına gələn faciələr zaman-zaman bəstəkarlarımızın yaradıcılığında öz əksini tapıb. Onlar öz yaradıcılıqlarında xalqımızın qarşılaşdığı faciələrə, şəhidlərimizin ruhuna ithaf olunan əsərlərə geniş yer ayırıblar.
Bəstəkarlar İttifaqının katibi, xalq artisti Ramiz Zöhrabov həmin günləri yaxşı xatırladığını, 20 yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin şərəfli səhifələrindən olduğunu qeyd edib: "Bu faciə uzun müddət öz siyasi qiymətini almasa da, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəlişinin ilk dövründə bu məsələyə hüquqi qiymətin verilməsinə nail olmuşdur. Bu qanlı hadisəyə bəstəkarlarımız da biganə qalmayıb, öz yaradıcılıqlarında bu mövzuya yer ayırıblar".
Sonra çıxış edən xalq artisti Azər Rzayev, əməkdar incəsənət xadimləri Gülnaz Abdullazadə, Azər Dadaşov, bəstəkarlar Tahir Əkbər, İlham Abdullayev xalqımızın şərəfli tarixinin bariz nümunəsi olan 20 yanvar şəhidlərinin xatirəsinin həmişə uca tutulacağını vurğulayıblar.
Tədbir əməkdar incəsənət xadimi Azər Dadaşovun 9 saylı simfoniyasından bir hissənin royalda müəllifin öz ifası ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB