“Unudulmayan tarix”

Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Unudulmayan tarix" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir 20 Yanvar hadisəsinin 22-ci ildönümünə həsr olunub. Muzeyin işçisi Aygün Abbasova tədbirin iştirakçılarına qanlı faciə haqqında ətraflı məlumat verərək bildirib ki, 20 Yanvar günü Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir: \"Azğınlaşan Sovet ordusu 1990-cu il 20 yanvar tarixində əliyalın xalqın üzərinə qoşun çəkib azadlıq eşqilə yanan oğul və qızlarımızı, ana və bacılarımızı öldürdülər. Bu qanlı tarix bizim həm qürur yerimiz, həm də çox böyük faciəmizdir. Həmin gün Azərbaycan xalqı öz qırılmaz iradəsini göstərdi. Böyük və ağır itkilər versə də düşmənə əyilmədi. Bu faciədən artıq 22 il ötür\".

Tədbirdə Bakı şəhəri Suraxanı rayonu 146 saylı orta məktəbin şagirdlərinin "İlham və Fərizə" adlı kompozisiyası, Səbail rayonu 2 saylı musiqi məktəbi şagirdlərinin tar, kaman, kanonda musiqi ifası səsləndirilib, Yasamal rayonu 2 saylı uşaq incəsənət məktəbinin şagirdləri və Nizami rayonu mədəniyyət evinin fəal üzvləri isə tədbir zamanı 22 il öncə baş vermiş hadisəyə bu günün nəzərləri ilə baxaraq öz fikirlərini rəsmlərdə ifadə ediblər.

Tədbirin sonunda müəllim və şagird heyəti muzeyin ekspozisiyası ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə