Can Bonomo: \"Məqsədim birincilik qazanmaq istəyindən başqa Türkiyəni bu səhnədə yaxşı təmsil etməkdir\"

Can Bonomo: \"Məqsədim birincilik qazanmaq istəyindən başqa Türkiyəni bu səhnədə yaxşı təmsil etməkdir\"

Türkiyənin "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Can Bonomo tərəfindən ifa olunacaq mahnı dostluq və qardaşlıq mövzusunu əhatə edəcək. SİA-nın məlumatına görə, bunu Can Bonomo TRT kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, onsuz da Bakı səhnəsində başqa mövzu düşünmək mümkün deyil.

Təmsilçi çıxışında Türkiyəni təmsil etməyin onun üçün çox qürurverici olduğunu bildirib: "Həm çox həyəcanlı, həm də çox xoşbəxtəm. Əslində təmsilçi olmağım mənim özüm üçün də böyük sürpriz oldu. Belə bir məsuliyyətli işin mənə həvalə olunması həyəcanlıdır. Buna layiq görüldüyüm üçün də TRT kanalına təşəkkür edirəm. Əslində bu qərar həm də Türkiyədə yeni musiqiçilərə bir dəstək və stimul xarakteri daşıyır. Telekanaldan gələn təklifi eşidəndə əllərimiz, ayaqlarımız əsdi, həqiqətən bu işin mənə həvalə olunmasından şərəf duyuram".

Can Bonomo onu da qeyd edib ki, "Eurovision-2012" üçün beynində çoxsaylı mahnılar var, amma bu məsuliyyətli səhnə üçün ən yaxşı mahnını ifa etmək istəyir: "Bu gün nə desəm, yalan olar. Bir ölkəni təmsil etmək və bayrağın altında tək dayanmaq çox böyük bir şeydir. Hazırda bunu çox sakit danışa bilərəm, amma həqiqətən də bu həyəcanlı bir şeydir. Bununla bağlı, ağlımda bir neçə fikir var – həm türk, həm də ingilis dilində mahnı oxumaqla bağlı bəzi düşüncələrim var. Hələ bununla bağlı qəti qərar verməmişik. "Eurovision" yarışmasında Türkiyənin təmsilçiliyini çox uğurlu hesab edirəm. Bu zamana kimi təmsilçiliyi dövründən Türkiyənin uğuruna hamımız sevindik, uğursuz nəticəyə isə hamımız birgə təəssüfləndik. Mənim məqsədim birincilik qazanmaq istəyindən başqa, Türkiyəni bu səhnədə düzgün təmsil etməkdir".

Musiqi aşiqi olduğunu deyən Türkiyə təmsilçisi Bakı səhnəsindəki ifasının kaman, darbuka, saz ilə müşayiət oluna biləcəyini deyib: "Bu, "Eurovision" müsabiqəsinə görə bir ifa olacaq, amma sonuncu albomdan çox da kənara çıxmayacağıq. Türkiyəni ən yaxşı şəkildə təmsil etmək üçün bütün bacarığımdan istifadə edəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə