Nofəl Vəliyev: \"Onlar Cənnət Səlimova ilə Naibə Allahverdiyevanın fərqini bilmirlərmi?\"- MÜNASİBƏT
"Məsləhət görərdim ki, 90 aktyorun hamısı üçün ekranda çıxış edən 1-2 nəfərin əsassız çıxışları sübut kimi göstərilməsin. İnanıram ki, tək Kamera Teatrından gələnlər yox, eləcə də digər teatrdan gələn aktyorlar bu fikirlə razılaşarlar". Bunu SİA-ya Gənc Tamaşaçılar Teatrının əməkdar artisti Nofəl Vəliyev teatr daxilində bəzi aktyor və aktrisalarla, teatrın baş rejissoru Cənnət Səlimova arasında yaşanan narazılığa münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu məsələyə şübhə ilə yanaşanlar truppa müdirindən proqramları götürüb baxsınlar ki, rol bölgüləri hansı aktyorlara verilir: "Cənnət xanım bu teatra gələndən sonra və bu teatrın açılışında nümayiş etdirdiyi tamaşalarda hansı teatrın aktyorlarına üstünlük verdiyini aydın şəkildə görmək olar. O zaman demək olar ki, aktyorlar arasında ayrı- seçkilik qoyulur, ya yox".
"Əgər bu yaxınlarda premyerası keçirilən "Romeo və Culyetta" tamaşasında əsas rollarda məhz Gənc Tamaşaçılar Teatrının aktyoru olan Elnur Kərimov, Asya Atakişiyeva, Günel Məmmədova oynayırsa, hansı ayrı- seçkilikdən söhbət gedə bilər? Bu aktyorlar ki, Kamera Teatrından gəlməyiblər? Cənnət xanım öz teatrının aktyorlarına ayda yalnız bir rol verir. Yalnız 2-3 nəfər istəyir ki, biz ümumiyyətlə rol oynamayaq. Hətta təqaüdə çıxan əməkdar artist Lətifə Əliyeva bu ay ərzində 3 tamaşada rol alıb. Elə bir repertuar hazırlanıb ki, burada rollar bərabər bölünüb. Repertuardan xəbəri olmayan və bitərəf mövqe tutan jurnalistlər niyə bu kimi fikirlər söyləyir? Onlar xalq artisti Cənnət Səlimova ilə əməkdar artist Naibə Allahverdiyevanın fərqini bilmirlər ki? Cənnət Səlimova yoxdur. Gəlin, onu da öldürək. Necə kiŞ Hüseynağa Atakişiyevi vaxtından əvvəl yola saldıq",- deyə əməkdar artist əlavə edib.
Cənnət Səlimovanın rejissorlara iş verməməsi məsələsinə toxunan Nofəl Vəliyev bildirib ki, ən çox şikayəti olan Nicat Kazımova belə 3 tamaşa verib: "Hazırda isə N. Kazımov daha bir tamaşa üzərində çalışır. Düşünmürəm ki, Cənnət Səlimova aktyor və ya rejissorlar arasında fərq qoyur. Hətta müzakirələrdə demişdilər ki, guya C. Səlimova öz teatrının aktyorlarına 2 il işlətdikdən sonra fəxri adlar verirdi. Qeyd edim ki, teatrda çalışan aktyorlara 12-15 ildən sonra əməkdar artist fəxri adı verilib. Bu titul da elə belə deyil, 20-25 tamaşada layiqli rol ifa etdikdən sonra verilib. Kamera teatrının aktyorları hər il Azərbaycana bir mükafat gətirib".
\"Ermənilərin qarşısında baş əyirəm\" sözünə aydınlıq gətirən əməkdar artist bildirib ki, bu qədər böyük teatrın rejissoru əllərini qaldırıb deyə bilərmi ki, ermənilərin qarşısında baş əyirəm?: "Cənnət Səlimova o qədər səfeh adamdır? Kanallar bu məsələni qabardanda insanlar düşünmür ki, burada montaj məsələsi var. Bu cümlənin əvvəli və sonu var? Onu qeyd edim ki, baş rejissora sual verilib və onun qarşılığında deyib ki, "Mən erməni və yəhudi xalqının mədəniyyəti qarşısında baş əyirəm, ancaq erməni, yəhudi və ümumiyyətlə bütün dünyanın faşizminə nifrət edirəm". Burda pis nəsə var? Hər hansı bir ziyalı adam bu sözü deyərdi. Çünki bu cümlənin əvvəlində hansı söhbətlərin olduğunu bilmirsiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB