Gənc vokalçı kitab yazır

Səhnəmizin ən gənc Koroğlusu, istedadlı vokalçı, musiqişünas Ramil Qasımov yeni kitab üzərində işləyir. Bu barədə SİA-ya açıqlama verən vokalçı bildirib ki, kitab dahi Üzeyir Hacıbəylinin yaratdığı ilk notlu Xalq çalğı Alətləri Orkestrinin yaranmasının 80 illik yubileyi münasibətilə yazılıb.

Onun sözlərinə görə, nəşrdə AzTV-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dünəni, bu günü və 80 illik həyat yoluna nəzər salınıb.

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 1932 il mayın Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Tərkibi 22 nəfərdən ibarət olan orkestrin dirijoru Ü. Hacıbəyli, dirijor köməkçisi və konsertmeysteri Səid Rüstəmov olub. Bu, notla çalan ilk Azərbaycan Xalq Çalğı Alətləri Orkestri idi. Ü. Hacıbəyli xalq mahnı və rəqslərini bu orkestr üçün işləyib, Qərbi Avropa və rus bəstəkarlarının əsərlərini də orkestrə uyğun şəkildə təfsir edib, "Şur" və "Çahargah" fantaziyalarını bəstələyib.

1935-ci ildən orkestrə dirijorluq S.Rüstəmova həvalə edilib. O, 1974-cü ilə kimi orkestrin bədii rəhbəri və baş dirijoru olub. 1983-cü ildən (bəstəkarın vəfatından sonra) orkestrə Səid Rüstəmovun adı verilib. 1974-cü ildən kollektivin bədii rəhbəri və baş dirijoru xalq artisti, professor Nəriman Əzimovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə