Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 110 illiyi qeyd edilib

Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 110 illiyi qeyd edilib
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 110 illiyi qeyd edilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə yazıçının həyat və yaradıcılığına həsr edilən videomaterial nümayiş etdirilib, Əli Vəliyevlə bağlı böyük söz adamlarının unudulmaz fikirləri səsləndirilib.


Millət vəkili Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Aqil Abbas, professorlar Nizaməddin Şəmsizadə, Qulu Məhərrəmli, yazıçı-publisist Flora Xəlilzadə, ədəbiyyatşünas Şirindil Alışanov və başqaları çıxış edərək bildirilər ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əli Vəliyev özünəməxsus ədəbi irsə malik, silsilə romanları ilə nəsrimizi zənginləşdirən unudulmaz nasirlərdən biri kimi tanınaraq sevilir: \"Qələmi nəsrin bütün janrlarında sınaqdan çıxmış ədibin əsərlərindəki xəlqilik onun təkrarsız şəxsiyyətilə bilavasitə bağlıdır. Əli Vəliyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən bəlkə də ən birincisi həyatilik, xəlqilik, bütün kökləri ilə, bütün varlığı ilə xalqa bağlılıqdır. Uydurma, quraşdırma hadisələr, qeyri-adi əhvalatlar, kitablardan, filmlərdən götürülmüş obrazlar sənətkarın yaradıcılığına yaddır. O, ancaq gördüklərini, duyduqlarını, şahidi olduqlarını yazırdı. Bu söhbətlər o qədər şirin, o qədər inandırıcı, o qədər səmimidir ki, oxucunu qətiyyən yormur, onu real hadisələrin, olmuş əhvalatların coşğun axarına alıb aparır\".


Yubiley mərasimində Ə.Vəliyevin əsərlərindən parçalar səsləndirilib, tanınmış xanəndələrin ifasında bir-birindən maraqlı musiqi nümunələri ifa olunub.


Sonda Əli Vəliyevin ailəsi adından çıxış edən ədibin nəticəsi Leyla Ağayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə