“Xalçalarda Nizami dünyası” - FOTO

“Xalçalarda Nizami dünyası” - FOTO

Bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində dünya şöhrətli şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illiyinə həsr edilən "Xalçalarda Nizami dünyası" adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, yubiley-sərgisində Nizami obrazları və onun ölməz əsərlərindəki motivlərin əks olunduğu xalçalar, tikmələr metal və çini qablar nümayiş olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva bildirib ki, daha çox biz "Leyli və Məcnun" motivlərinin tətbiqinə rast gəlirik: "Bunun parlaq nümunəsi "Leylinin səhrada Məcnunla görüşü" motivi əsasında tərtib edilən XVII əsr ipək Kaşan xalçasıdır. Qədim Qarabağ torpağının xalça ustaları da Nizami yaradıcılığına, onun məşhur əsərlərinə, o cümlədən "Leyli və Məcnun" əsərinə müraciət edərək, süjet xətti bir-birindən maraqlı olan kompozisiyalar yaradıbdılar. "Leyli və Məcnun" xalçası Bərpa Mərkəzində konservasiya olunmuşdur. Bərpa prosesini əks etdirən foto-şəkillər sərgidə nümayiş olunub".

Görkəmli sənətkarlar Lətif Kərimov və Kamil Əliyev yaradıcılıqlarında Nizami obrazına, Nizami dünyasına dəfələrlə müraciət ediblər deyən muzeyin direktoru: "Bunu biz həm portret, həm də müxtəlif süjetli xalçalarda görə bilərik. Sənətkarlar müxtəlif olsa da, onların ustalıqları nəticəsində yaranan əsərlərdə bu obraz yenə də əzəmətli və möhtəşəm görünür. Nizami poeziyasının zəngin xəzinəsindən bəhrələnən sənət xadimlərinin yaratdıqları əsərlər dahi şairin ölməz obrazlarının əbədi həyatının parlaq səhifələridir".

Sərgidə həmçinin Nizami yaradıcılığının davamçıları, öz dövrlərinin görkəmli yaradıcı ziyalılarının portret-xalçaları da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə