İlin fəal mədəni-maarif müəssisələri və işçiləri mükafatlandırılıb
Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında 2011-ci ilin yekunları ilə bağlı ilin fəal mədəni-maarif müəssisəsinin və işçisinin müəyyən edilməsi məqsədilə keçirilən müsabiqənin qaliblərinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, artıq 4-cü ildir keçirilən müsabiqə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsi ilə birlikdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil olunub.
Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. Nazir əsaslı təmirdən sonra Mahnı Teatrının səhnəsinə ilk dəfə çıxdığını deyib. Onun sözlərinə görə, təmirdən sonra bu məkanda artıq ikinci tədbir keçirilir. İlk tədbir Rəşid Behbudovun anım günündə düzənlənib.
Ə.Qarayev bu il ərzində ölkədə iki beynəlxalq forumun, teatr konfransı və festivalların, silsilə tədbirlərin təşkil olunduğunu nəzərə çatdırıb. Gələn il də mədəniyyət sahəsində islahatların keçiriləcəyini, struktur, kadr dəyişikliyinin olacağını qeyd edib. Daha sonra mükafat sahiblərinin adları açıqlanıb.
Xəyal Kərimov "İlin fəal rəqqası", Natəvan Əliyeva "İlin fəal rəqqasəsi", Safura Əliyeva "İlin fəal xoreoqrafı", Niyaz Qasımov "İlin fəal aktyoru", Vüsalə Bəşirova "İlin fəal aktrisası", İntiqam Soltan "İlin fəal rejissoru" seçilib. Mərasimdə "Ən fəal məktəb", "Ən fəal pedaqoq", "Ən fəal mədəniyyət evi", Ən fəal xalq kollektivi", "Ən fəal mədəni-maarif işçisi" və digərləri olmaqla 21 nominasiya üzrə mükafatlandırma baş tutub. 42 mədəni-maarif işçisinə Fəxri Fərman və mükafat, 31 mədəni-maarif işçisinə təşəkkürnamə və mükafat təqdim olunub. Müsabiqənin yekunlarına əsasən ümumilikdə 73 mədəni-maarif işçisi və 28 mədəni-maarif müəssisə xüsusi diplom və mükafatlara layiq görülüb.
Mərasimdə yeni yaradılan "Bakı gecələri" estrada orkestri də tamaşaçılara təqdim olunub. Orkestrin ifasında Azərbaycan və dünya estrada mahnı musiqiləri səslənib. Orkestrin bədii rəhbəri Cəlal Abbasov, musiqi rəhbəri İgid Sənərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB