Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib- FOTO
Görkəmli jurnalistin nəvələri - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva sərgi ilə tanış olublar.
Təntənəli mərasim Nəsir İmanquliyevin həyat və fəaliyyətinə həsr edilmiş sənədli filmin nümayişi ilə başlayıb. Filmdə unudulmaz müəllim Nəsir İmanquliyevin mənalı ömür yolu, səmərəli elmi, pedaqoji fəaliyyəti, mətbuatımızın inkişafındakı xidmətləri geniş şəkildə əks olunub.
Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev çıxışında bildirib ki, 100 illiyini böyük hörmət və ehtiramla qeyd etdiyimiz Nəsir İmanquliyev görkəmli jurnalist, ictimai xadim, pedaqoq olmaqla bərabər, ilk növbədə böyük ziyalı idi. Nəsir müəllim gənc yaşlarından məsul vəzifələrdə çalışıb, ancaq onun ən böyük vəzifəsi daxili dünyasından gələn ziyalılıq idi. Bu həmin böyük ziyalılıqdır ki, onunla yaşamaq, onunla ömrü başa vurmaq hər qələm sahibinə, hər pedaqoqa və hər ictimai xadimə müyəssər olmur.
Elçin Əfəndiyev deyib ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistikasının mötəbər ağsaqqalı idi. O, bu ağsaqqallıq səlahiyyətini həm şəxsiyyəti, həm də əməli ilə qazanıb. "Bakı" qəzeti sovet Azərbaycanında ən cavan rəsmi qəzet idi. Ancaq çox qısa bir vaxtda bu qəzet maraqlı və nüfuzlu bir mətbu orqana çevrildi. Nəsir müəllim istedadlı və özü kimi təmiz insanlardan ibarət yaradıcı bir kollektiv yaradaraq nəşrə başladığı gündən etibarən düz otuz il bu qəzetə rəhbərlik etmişdir. Həmin kollektivin üzvləri "Nəsir İmanquliyev məktəbi"nin nümayəndələri kimi tanınırlar.
Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Əsgərin ariyası, xalq artisti Azər Zeynalovun, Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasından Leyli və İbn-Salamın dueti gənc xanəndələr Vüsalə Musayevanın və İlkin Əhmədovun ifalarında mərasimdə iştirak edənlərdə gözəl ovqat yatratmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, görkəmli jurnalist Nəsir İmanquliyevlə şəxsən tanış olmazdan çox qabaq onun adını eşitmişdim. Müharibə illərində atamla bir yerdə Krım cəbhəsində ordu qəzetinin Azərbaycan redaksiyasında çalışdıqlarını bilirdim. Bu qəzetin Azərbaycan redaksiyasının rəhbəri tənqidçi və teatrşünas Cəfər Cəfərov idi. Çox illər sonra Cəfər Cəfərova fəaliyyətinin müharibə dövrü ilə bağlı böhtan atılanda onunla birlikdə Krım cəbhəsində olmuş yazıçı və jurnalistlər Rəsul Rza, Əli Vəliyev, Abbas Zamanov, İbrahim Novruzov, Cəfər Cəfərovu müdafiə edən məktub yazmışdılar, onun ən ağır şəraitdə özünü cəsur apardığını təsdiq etmişlər. Məktuba imza atanların biri də Nəsir İmanquliyev idi. Elə buna görə də Nəsir müəllimə qiyabi şəkildə hörmətim vardı. Sonralar o, "Bakı"-"Baku" qəzetlərinin redaktoru işləyərkən mən onunla yaxından tanış oldum. Mənim ən maraqlı yazılarım "Bakı"nın səhifələrində dərc edildi. Bütün bunlara görə daim onu minnətdarlıq hissi ilə xatırlayıram.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı və "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Nəsir İmanquliyevin Azərbaycan milli mətbuatının inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar.
Mərasim tanınmış müğənni Yaqub Zurufçunun ifasında "Ayrılıq" mahnısı, tenorlar Azər Zeynalov, Samir Cəfərov və Anar Şuşalının ifalarında Tofiq Quliyevin "Bakı haqqında mahnı"sı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB