İçəri Şəhərdə “Arxeoloji Park”ın və Əzim Əzimzadənin büstünün açılışı olub

İçəri Şəhərdə “Arxeoloji Park”ın və Əzim Əzimzadənin büstünün açılışı olub

Bu gün İçəri Şəhərdə "Arxeoloji Park"adlı istirahət guşəsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, "Arxeoloji Park" Bakı sakinlərinin və şəhərimizin qonaqlarının İçəri Şəhərdə vaxtlarını xoş və səmərəli keçirmələri, tarixi irsimizi və zəngin mədəni keçmişimizi təbliğ etmək məqsədi ilə yaradılıb.

Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, "Arxeoloji park" Bakı sakinlərinin və şəhərin qonaqlarının İçərişəhərdə vaxtlarını xoş və səmərəli keçirmələri, Azərbaycanın tarixi irsini və zəngin mədəni keçmişini təbliğ etmək məqsədi ilə yaradılıb. Burada 1982-1985 və 2010-cu illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilib, X-XIII əsrə aid olan arxeoloji tapıntı sahələri konservasiya olunub, ətrafı abadlaşdırılıb. Parkın mərkəzində məşhur heykəltəraş Ömər Eldarovun müəllifi olduğu, Azərbaycan xalq rəssamı Əzim Əzimzadənin büstü və qəhrəmanlarının fiqurlarından ibarət kompozisiya yerləşdirilib. Bu qəhrəmanlar köhnə şəhər tipajlarını özündə əks etdirir.

Heykəltəraş Ömər Eldarov isə bildirib ki, Əzim Əzimzadənin büstü əvvəllər başqa ərazidə olub. Lakin həmin yerdə hündür mərtəbəli binalar tikildiyindən büstün "Arxeoloji park"ın ərazisinə köçürülməsi qərara alınıb.

Açılışda Nəfəsli Alətlər Orkestrinin ifasında Üzeyir Hacıbəyovun əsərlərindən ibarət konsert proqramı olub, tədbirin tərkib hissəsi kimi Kiçik Karvansara abidəsində dahi rəssam Əzim Əzimzadənin əsərlərindən ibarət sərgi təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə