Bəyimxanım Vəliyeva üç disk və iki klipini təqdim etdi-FOTOSESSİYA

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində muğam və estrada mahnılarının ifaçısı Bəyimxanım Vəliyevanın "Giley" adlı albomunun və iki yeni klipinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, albom 3 diskdən ibarətdir. Biri bəstəkar, digəri xalq və müğam, 3-cü isə yeni kliplərinin toplusudur.

Sözləri \"Kaspi\" Təhsil Mərkəzinin rəhbəri, şairə Sona Vəliyevaya, musiqisi Rüstəm Zeynallıya məxsus "Ağlama şəhid balası" adlı klipin rejissoru Bəyimxanımın həyat yoldaşı Azər Vəliyev oldu.

İkinci klip isə sözləri Sona Vəliyevaya, müusiqi Ruslan Səfəroğluna aid "Giley" mahnısı olub. Bu klipin də rejissoru Azər Vəliyev idi.

Mətbuat konfransında Bəyimxanımla bərabər Milli Teleradio Şurasının üzvü, şairə Sona Vəliyeva, xalq artisi Nurəddin Mehtixanlı, Ağaxan Abdullayev, bəstəkar Ruslan Səfəroğlu, klipdə rol alan aktyor Rəşad Səfərov və müğənni Rüstəm Zeynallı da iştirak etdilər.

Bəyimxanımın yaradıcılığında ona daim dəstək olan Sona xanım çıxışı zamanı vurğuladı ki, tədbir onun üçün olduqca böyük önəm kəsb edir. Vətənpərvərlik mövsünda bəstələdiyi sözlərə çəkilən "Ağlama şəhid balası" adlı klipdən söz açan Sona xanım bu sözləri dedi: "Bu günə qədər başımıza nə gəlibsə, unutqanlılığımız ucbatından olub. Biz böyük zərbərələr almışıq. Bu mahnının sözlərini də 20 yanvar hadisəsinə həsr etmişəm. Amma biz dərdlərimizi tək 20 yanvar tarixində deyil, hər gün yada salmalıyıq".

Vurğulayaq ki, Sona xanım Bəyimxanımın ilk klipi olan "Yollara yağış yağır" mahnısının sözlərini yazıb.

Mərasimdə həmçinin 14 ildir Bəyimxanıma dərs deyən xalq artisti Ağaxan Abdullayev da çıxış etdi. O, tələbəsinin uğurlarına sevindiyini dilə gətirdi. Bununla yanaşı Ağaxan müəllim "Ağlama şəhid balası" klipində çəkilən xalq artisti Nurəddin Mehtixanlıdan da söz açdı. Sənətkar Bəyimxanımla yanaşı N.Mehtixanlını da tərif atəşinə tutdu.

Tərifləri eşidən Nurəddin Mehtixanlı da susmadı: "Ağaxan müəllimdən tərif eşitmək şərəfidir. Demək, boşuna yaşamamışıq. Bəyim xanım isə çox mədəni, əxlaqlı xanım və gözəl ifaçıdır".

Səbəbkar Beyimxanım isə qeyd etdi ki, çəkilən hər iki klip Azərbaycan xalqının yaralı yeridir: "Gördüyünüz kimi bir klipdə vətən mövzusuna toxunmuşuq. Axı bizim Qarabağ kimi dərdimiz var. Digər, "Giley" klipi isə cəmiyyətimizdə tez-tez baş verən boşanmalardan bəhs edir. Bəlkə kimlərsə bu klipdən nəticə götürə bilər".

Onu da qeyd edək ki, Bəyimxanımı təbrik etmək üçün müğənni Elxan Şirinov, Namiq Qaraçuxurlu, Yaşar Cəlilov, xanəndə Ehtiram Hüseynov iştirak ediblər.

Onu da vurğulayaq ki, tədbirdə jurnalistlər azlıq təşkil edirdi. Səbəb isə Bəyimxanımla Azərin şəxsi istəyi olub.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə