Xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illiyi qeyd edilib

Xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illiyi qeyd edilib
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, unudulmaz teatr və kino aktyoru, xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illiyinə həsr olunan yubiley gecəsi keçirilib.


SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov qonaqları salamlayaraq Ağadadaş Qurbanovun həyat və yaradıcılığı haqqında məlumat verib. O qeyd edib ki, onun fəaliyyəti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ilə üst-üstə düşür: \"Belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır\".


Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov Ağadadaş Qurbanovun teatr sənətinin inkişafındakı xidmətlərindən danışıb: \"Sənətkar Dövlət Gənc Tamaşaçılar Teatrını yaradanlardan biri kimi, bu sənət məbədində bir-birindən bənzərsiz çoxsaylı obrazlar yaradıb. Ağadadaş Qurbanov sənətdə öz sözünü deyən, teatr məktəbi üçün örnək sayılan sənətkarlardan olub və özündən sonra gözəl bir iz qoyub\".


Tədbirdə həm də aktyorun gözəl ailə başçısı olduğu, aramızdan vaxtsız gedən Gülşən və Hamlet Qurbanovlar, hazırda rəssam və rejissor, Əməkdar İncəsənət Xadimi Firəngiz Qurbanova kimi övladlar yetişdirdiyi də diqqətə çatdırılıb.


Azərpaşa Nemətov, həmçinin mərhum aktyorla bağlı xatirələrini də bölüşüb.


Digər çıxış edənlər də vaxtilə birgə çalışdıqları görkəmli sənətkarla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə Ağadadaş Qurbanovun çəkildiyi filmlərdən kadrlar nümayiş etdirilib, oynadığı rollar Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorlarının ifasında yenidən canlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə