Krım-tatar Akademik Musiqili Dram Teatrı “Xəstə könül” tamaşasını nümayiş etdirib - FOTO

Bu gün Bakıda qastrol səfərində olan Krım-tatar Akademik Musiqili Dram Teatrının yaradıcı kollektivi xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında hazırladığı "Xəstə könül" tamaşasını nümayiş etdirib. SİA-nın məlumatına görə, tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutub.


Tamaşanın nümayişindən əvvəl jurnalistlərə müsahibə verən Xalq Yazıçısı Elçin "Şekspir" pyesinin Azərbaycanda ilk dəfə "Üns" Yaradıcılıq Səhnəsində tamaşaya qoyulmasından və qısa zamanda bir sıra xarici ölkə teatrlarının diqqətini cəlb etməsindən danışıb.


Tamaşanın təqdimat mərasimində çıxış edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bildirib ki, səfər çərçivəsində Krım-tatar Akademik Musiqili Dram Teatrı "Xəstə könül" tamaşasını Qaradağ rayonunda və Sumqayıt şəhərində də nümayiş etdirəcək.


Qonaqlara Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən xatirə hədiyyələri təqdim edilib. Sonra Krım-tatar Akademik Musiqili Dram Teatrının yaradıcı kollektivi "Xəstə könül" tamaşasını nümayiş etdirib.


Tamaşanın quruluşçu rejissoru və rəssamı Ukraynanın Əməkdar İncəsənət Xadimi Rinat Bektaşevdir. Tamaşada rolları Ukraynanın Əməkdar Artisti Dilavər Səttarov (Sanitar), Krım Muxtar Respublikasının Əməkdar artistləri Eldar Cəlilov (Drob-13), Marlen Osmanov (Marslı), Fatma Asanova-Abdullayeva (Ər-arvad), Əşrəf Yaqyayev (İ.Stalin) və başqaları ifa edirlər.


Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyal dünyasında yaşayır. Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, anlayır ki, buna qadir deyildir. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Xəstələrin ərzaqlarına belə əl uzatmaqdan çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasiyentləri Şekspirin dühası birləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə