Slovakiya “Eurovision- 2012”dəki təmsilçini təyin etmək üçün yenidən milli seçim turu müəyyənləşdirib

Slovakiya “Eurovision- 2012”dəki təmsilçini təyin etmək üçün yenidən milli seçim turu müəyyənləşdirib

Slovakiya "Eurovision- 2012" mahnı müsabiqəsinə təmsilçini təyin etmək üçün yenidən milli seçim turu müəyyənləşdirib. SİA-nın esctoday.com saytına istinadən verdiyi məlumata görə, keçən ay təmsilçisini açıqlayan və sonradan yayımçı televiziya ilə müğənni arasında problemlər yaranan Slovakiyanın növbəti il bu müsabiqədə iştirak edib-etməyəcəyi sual altında idi.


Slovakiyanın müsabiqə üzrə yayımçı "STV" kanalı gələn il Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirak etmək niyyətini yenidən bildirib. Məlum olub ki, gələn il üçün ikinci cəhdini edəcək STV ölkənin təmsilçisini daxili seçim yolu ilə müəyyənləşdirəcək. Ölkənin təmsilçisinin kimliyinin yanvarda bilinəcəyi gözlənilir. Bildirilib ki, kanal hazırda bir neçə layihələr üzərində işləyir və təmsilçi daxili seçim yolu ilə müəyyənləşdiriləcək. Seçim turunda milli final olmayacaq.


Qeyd edək ki, ötən ay yayımçı televiziya Slovakiyanı "Eurovision-2012"də Miro Şmaydanın təmsil edəcəyini açıqlamışdı. Hətta təmsilçinin müsabiqə ərzində özü-özünü maliyyələşdirəcəyi bildirilirdi. Amma sonradan yaranan problemlər yayımçı televiziya kanalını geri addım atmağa məcbur edib.


Slovakiya ilk dəfə bu müsabiqədə 1994-cü ildə çıxış edib. O zaman ölkəni Martin Durinda və Tublatanka təmsil etmişdilər, halbuki bu ölkə hələ də ciddi nailiyyət qazanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə