Nəsir İmanquliyevin 100 illiyinə həsr olunan sərgi və elmi konfrans keçirilib

Nəsir İmanquliyevin 100 illiyinə həsr olunan sərgi və elmi konfrans keçirilib

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli jurnalist, ustad redaktor və pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunan elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, elmi konfransın mövzusu "Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin "Bakı" – "Baku" təcrübəsi" olub. İlk olaraq çıxış edən kitabxananın direktoru Tahir Kərimov yubilyarın yaradıcılığına qısa nəzər salaraq Nəsir İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, mətbuatımızın inkişafındakı xidmətlərindən söhbət açıb.


Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında vurğulayıb ki, görkəmli jurnalist, alim və ictimai xadim Nəsir İmanquliyev Azərbaycan jurnalistika tarixində mövqeyi və rolu olan şəxsiyyət idi: \"Onun rəhbərlik etdiyi qəzetlər digər nəşrlərə də daim örnək olub. Nəsir İmanquliyev bütün həyatını Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. O, ötən əsrdə mətbuat tarixində böyük rol oynamış "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı və baş redaktoru olub. 87 il ömür sürmüş professor Nəsir İmanquliyev həyatını azərbaycançılıq ideologiyasının təbliğinə, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar kadrların hazırlanmasına həsr edib.


Daha sonra bir sıra ziyalılar səbəbkarın həyat və yaradıcılığından geniş söz açıblar. Konfransda həmçinin əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək səciyyə daşıyan məqamları ətrafında fikir mübadiləsi aparılıb.


Məlumat üçün bildirək ki, tədbir Prezident İlham Əliyevin "Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 23 noyabr 2011-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.


Tədbirdə tanınmış elm və ədəbiyyat adamları, jurnalistlər, Nəsir İmanquliyevin tələbələri iştirak ediblər.


Qeyd edək ki, tədbirdən öncə Nəsir İmanquliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə