19-24 dekabr tarixlərində Krımtatar Akademik Musiqili Dram Teatrı Bakıda qastrol səfərində olacaq. Cari ilin aprelində Akademik Milli Dram Teatrı "Teatr. Çexov. Yalta" Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Yaltaya yollanarkən Krımtatar Akademik Musiqili Dram Teatrının qonağı olub, həmin səhnədə çıxış edib.
Teatrın mətbuat katibi Elçin Cəfərovun SİA-ya verdiyi məlumata görə, kollektiv Bakıya Xalq Yazıçısı Elçin Əfəndiyevin "Şekspir" əsəri əsasında hazırladığı "Xəstə könül" tamaşası ilə gəlib.
Azərbaycanda ilk dəfə "Üns" Yaradıcılıq Səhnəsində tamaşaya qoyulan "Şekspir" pyesi tezliklə dünya teatr ictimaiyyətinin də diqqətini cəlb etdi. Bir sıra xarici ölkələrin teatrları, həmçinin Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən "Avanqard" teatrı, o cümlədən Krımtatar Akademik Musiqili Dram Teatrı Elçinin bu əsərinə müraciət etdilər.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Ukraynanın Əməkdar İncəsənət Xadimi Rinat Bektaşevdir. Rinat Bektaşevin quruluşunda tamaşa insanların incə və mürəkkəb iç dünyasına yönəlir.
Tamaşada rolları Ukraynanın Əməkdar Artisti Dilavər Səttarov (Sanitar), Krım MV Əməkdar Artistləri Eldar Cəlilov (Drob -13), Marlen Osmanov (Marslı), Fatma Asanova-Abdullayeva (Ər-arvad), Əşrəf Yaqyayev (İ.Stalin), Lemara Cəlilova (Sara Bernar), Refat Seyid-Ablayev (Baş həkim), Gülnar Sefedina (Hə) ifa edirlər. Teatrın bədii rəhbəri və direktoru Ukraynanın Əməkdar İncəsənət Xadimi Bilal Bilalovdur.
Tamaşanın ideya xətti belə bir sual üzərində qurulub: "Kimin iç dünyası daha zəngindir? Ruhi xəstə saydığımız insanların, yoxsa həyatda məhəbbəti, paklığı, saflığı, sədaqəti unudaraq, topladıqları maddi sərvəti itirmək qorxusu ilə yaşayanların?!"
Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasientlərin hər biri öz xəyalında qurduğu dünyasında yaşayır. Marslı saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləyir. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə yaşayır. Stalin bütün günü törətdiklərinin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir.
Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, anlayır ki, o, buna qadir deyildir. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Bu şəraitdə onları yaşadan da budur. Xəstələrin ərzaqlarına belə əl uzatmaqdan çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasientləri Şekspirin dühası öz ətrafına birləşdirir. Sara Bernarın sevimli əsəri olan "Romeo və Cülyetta" hamını öz ülviliyi və təmizliyi ilə məftun edir.
Xəstəxanaya Drob-13–ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevrilir. Şekspirin kitabını oxuyan Drob-13 də onun əsərlərindəki insan hisslərinin böyüklüyünə, gözəlliyinə heyran qalır və təəssüflə etiraf edir ki, onun planetində yaşayanlar çox dərin biliklərə malik olsalar da, onlarda teatr yoxdur. Söz verir ki, öz planetinə qayıdan kimi, oradakılara Şekspirin kitabını göstərəcək.
Tamaşa 20 dekabrda Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq. Teatrın truppası ilə yanaşı, Krım-tatar Xalq Məclisinin sədr müavini, Krım MR Ali Şurasının beynəlxalq münasibətlər üzrə daimi komissiyasının sədri Remzi İlyasov, Krım-tatar Teatr Xadimləri İttifaqının sədri, teatrın direktoru və bədii rəhbəri, Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalov da Bakıya gələcəklər. Qastrol səfəri çərçivəsində bir sıra digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərə "Xəstə könül" tamaşasının Qaradağ rayonunda (21 dekabr, saat 15.00) və Sumqayıt şəhərində (23 dekabr, saat 17.00) göstərilməsi, yaradıcı heyətlə müxtəlif görüşlər də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB