Film Fondu Moldovanın Kino Foto Sənədlərin Arxiv Xidməti ilə memorandum imzalayıb

Film Fondu Moldovanın Kino Foto Sənədlərin Arxiv Xidməti ilə memorandum imzalayıb

Azərbaycan Dövlət Film Fondu Rusiya Teleradio Fondu ilə birlikdə görkəmli rejissor, əməkdar incəsənət xadimi Arif Babayevin "Bizi bağışlayın" filmini bərpa edib. Fondun mətbuat xidməti Rəşad Qasımovun SİA-ya verdiyi məlumata görə, bu film 1979-cu ildə SSRİ Teleradio Şirkətinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub. Filmin bəstəkarı Emin Sabitoğlu, operatoru Fikrət Əsgərovdur. Baş rollarda Həsən Məmmədov, Hacı Murad, Ariyadna Şengelaya çəkilib.


Rəşad Qasımov bildirib ki, Film Fondu və Rusiya Teleradio Fondu daha bir Azərbaycan filmini bərpa edib. Bu, görkəmli rejissor, əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadənin "Ötən ilin son gecəsi" bədii filmidir. Bu film yazıçı Anarın eyniadlı əsəri əsasında çəkilib. Filmin quruluşçu operatoru Valeri Kərimov, bəstəkarı Aqşin Əlizadədir. Rollarda Şahmar Ələkbərov, Elmira Şabanova, Ayan Mirqasımova və başqaları iştirak edir. Filmdə hadisələr Yeni il gecəsi baş verir. "Ötən ilin son gecəsi" bərpadan sonra ilk dəfə AzTV-də göstəriləcək.


Bundan başqa, Film Fondu Moldovanın Kino Foto Sənədlərin Arxiv Xidməti ilə memorandum imzalayıb. Memorandum kino foto materialların qorunub saxlanılması və bərpası ilə bağlıdır. Memoranduma əsasən Azərbaycan və Moldova kinosu ilə əlaqədar tədbirlərin keçirilməsi də nəzərdə tutulur.


Artıq Moldova Kino Foto Sənədlərin Arxiv Xidmətindən Film Fonda Azərbaycan kinosu ilə bağlı 10 foto sənədin surəti təqdim olunub. Onların arasında Nəsibə Zeynalovanın, Amaliya Pənahovanın, Siyavuş Askanın, bəstəkar Rauf Hacıyevin fotoları da var.

Bütün xəbərlər Facebook səhifəmizdə