V Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb

V Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb

Bu gün Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb. SİA-nın məlumatına görə, konsertdən əvvəl jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyi incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva festivalı böyük mədəni hadisə kimi qiymətləndirib.


Onun sözlərinə görə, festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir: \"Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramına çevrilir. Yeddi gün davam edən festivalda məşhur musiqiçilərin və musiqi kollektivlərinin ifasında dünya klassiklərinin əsərləri səsləndirilir. Bu ənənə bundan sonra da uğurla davam etdiriləcək\".


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Paris kamera orkestrinin çıxışı ilə beynəlxalq festivala yekun vurulub. Konsertin dirijoru Lourens Foster (ABŞ), solisti Jan-İv Tibode (Fransa - piano) olub.


Konsertdə Q.Fore, K.Sen-Sans, İ.Stravinski, F.Şubertin əsərləri səsləndirilmişdir.
Konsert böyük maraqla qarşılanıb.


Qeyd edək ki, dekabrın 4-dən start götürən festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə