Xalq Rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunan sərgi keçirilib
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində təsviri sənətin görkəmli nümayəndəsi, "İstiqlal" ordenli xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunan sərgi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq muzeyin direktoru Çingiz Fərzəliyev çıxışında bildirib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Daha sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev vurğulayıb ki, rəssamlarımız arasında Mikayıl Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, o öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına onun qədər möhkəm bağlı olsun: \"Dahi Nizamidən başlamış bu gün yazıb-yaradan şair və nasirlərimizə qədər o, bir çox sənətkarların ya portretlərini yaratmış, ya da onların əsərlərinə – poema, hekayə və romanlarına illüstrasiyalar çəkib. Bunların arasında Nizaminin, Nəsiminin, Fizulinin, Vaqifin, M.F.Axundovun Aşıq Ələsgərin, M.Ə.Sabirin, C.Cabbarlının, S.Vurğunun, Rəsul Rzanın və başqalarının əsərləri var\".
Mikayıl Abdullayevin kitab qrafikasında Azərbaycan ədəbiyyatı nümunələri böyük yer tutur deyən xalq rəssamı Ağaəli İbrahimov: \"Danabaş kəndinin məktəbi", "Poçt qutusu", "Gələcək gün", "Şamo", "Şəbi-hicran" əsərlərinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikası sənətinin bitkin nümunələrindəndir. M.Abdullayevin yaradıcılığında Bakı metrosunun "Nizami" stansiyasının interyerinin tərtibatı xüsusi yer tutur. Oradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır\".
Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyindən, Azərbaycan Dövlət Rəsm Qalereyasından toplanan əsərlər nümayiş olunub. Bununla yanaşı, sərgidə sənətkarın 100-ə yaxın boyakarlıq və qrafik əsərləri də tədbir iştirakçılarının marağına səbəb olub.
Qeyd edək ki, sərgi dekabrın 19-na kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB