Rusiyanın tanınmış rejissoru Eqor Kançoloviski və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Bakı, mən səni sevirəm" adlı yeni layihə hazırlanır. SİA-nın məlumatına görə, yeni layihə Bakı haqqında olacaq.
Rejissorun sözlərinə görə, layihədə Azərbaycan, Rusiya, Fransa və Böyük Britaniyanın rejissorları iştirak edəcək: "Burada 10 ölkənin rejissorları film çəkəcəklər. Onlar Bakı haqqında qısa novellalar çəkəcəklər. Bu hekayələr isə 10 ay ərzində hazırlanacaq. Hər bir hekayə isə 10 dəqiqəni əhatə edəcək. Çəkilişlər gələn ilin mart ayından start götürəcək. 2013-cü ilin əvvəllərinə isə layihənin hazır olması nəzərdə tutulub".
Rejissor onu da qeyd edib ki, Azərbaycandan 3 rejissor- İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayev film çəkəcəklər. Layihənin baş prodüseri Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevadır.
Məlumat üçün bildirək ki, Eqor Kançoloviski bir çox məşhur filmlərin- "Elza üçün qızılgüllər", "Antikiller", "Antikiller- 2"nin müəllifidir.
Qeyd edək ki, bu kimi layihələr əvvəllər bir neçə ölkələr haqqında olub. Buna misal olaraq, "Paris, mən səni sevirəm", "Nyu-York, mən səni sevirəm", "Moskva, mən səni sevirəm" layihələrini göstərmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə